Opera və Balet Teatrı 5 yeni tamaşaya quruluş verib

Opera və Balet Teatrı 5 yeni tamaşaya quruluş verib

Azərbaycan teatrı daha bir mövsümə yekun vurub. Yola salınan teatr mövsümü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün də uğurlu olub. Belə ki, Opera və Balet Teatrında 106-cı mövsümdə 5 yeni tamaşanın quruluşu həyata keçirib. Hazırlanan səhnə nümunələri V.A.Motsartın "Fiqaronun toyu" operası, C.Verdinin "Otello" operası, P.Bülbüloğlunun "Eşq və ölüm" baleti, P.Maskanyinin "Kənd namusu" operası və O.Zülfüqarovun yubileyi münasibətilə ərsəyə gətirilən "Sehrli alma" baletindən ibarətdir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu mövsümdə də xarici teatrlarla əməkdaşlığın davam etdirilib. Ayrı-ayrı tamaşalarda iştirak etmək üçün vokalçılar Dmitri Qrişin, Viktoriya Çenskaya, Olqa Naqornaya, Andrey Qonyukov (Ukrayna), Vladimir Qromov (Belarus), Teymuraz Ququşvili (Gürcüstan), balet ustaları Olqa Qayko, İqor Onoşko (Belarus), Olqa Qolitsa, Van Yan (Ukrayna), dirijorlar Vyaçeslav Voliç (Belarus), David Kintsuraşvili (Gürcüstan), Rusiya Akademik Böyük Teatrının azərbaycanlı solistləri Elçin Əzizov və Çinarə Əlizadə Bakıya dəvət olunublar.

Qeyd edək ki, teatrın yaradıcı kollektivi də bir sıra xarici qastrol səfərlərində iştirak edib. Qarşıdakı mövsümdə də teatr öz ənənəsinə sadiq qalacaq və yeni səhnə əsərləri ilə tamaşaçıları sevindirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə