Salman Qəmbərov Argentinada festivalda iştirak edib

Salman Qəmbərov Argentinada festivalda iştirak edib

Azərbaycanın Braziliyadakı Səfirliyi ilə əməkdaşlıq edən braziliyalı musiqiçi Benjamin Taubkin Argentinada keçirilən "Piano-Piano" adlı beynəlxalq musiqi festivalının bədii rəhbəri qismində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərovu həmən Festivala dəvət edib. SİA-nın məlumatına görə, B.Taubkin 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Muğam Festivalında iştirak etmiş və Azərbaycan bəstəkarı Eldar Mansurovun "Bayatılar" musiqisini Braziliyada ifa etmişdir.

Argentina Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kirşner Mədəniyyət Mərkəzində baş tutan konsertdə Salman Qəmbərov, xalq artisti, tanınmış kamança ifaçısı Fəxrəddin Dadaşov və zərb alətləri ifaçısı Eldar Qafarov "Lətif" layihəsi ilə uğurla çıxış ediblər.

Bu beynəlxalq əhəmiyyətli Festivalda musiqiçilərimizlə yanaşı dünya şöhrətli musiqiçilər Danilla Peres (Panama), Bojan Zet (Serbiya), Bakı Caz Festivalının iştirakçıları olmuş Qonzalo Rubalkaba (Kuba), Kreyq Taborn (ABŞ) və başqa tanınmış ifaçılarda iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan musiqiçilərinin adıçəkilən mühüm Festivalda çıxışı ölkəmizin musiqi mədəniyyətinin tanınmasına töhfə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə