AKB-su yeni Görüşlər Sənayesi videosunu təqdim edir

AKB-su yeni Görüşlər Sənayesi videosunu təqdim edir

Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu Görüşlər Sənayesi üzrə yeni videonu təqdim edib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büro videonu "Cinex Azerbaijan Film & Digital production" şirkəti ilə birgə hazırlayıb.

Videoda Bakıda və Qəbələdə yerləşən görüş məkanları, aparıcı mehmanxanaların həm iş adamları, həm adi qonaqlar üçün yaratdığı gözəl şərait və imkanlar, həmçinin ölkəmizin füsunkar təbiəti təqdim olunur.

Büronun üzvü olan müasir və ən qabaqcıl otel brendləri, müasir memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi və eləcə də Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısına daxil edilmiş İçərişəhər kompleksi izləyicilərin nəzərinə çatdırılır.

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Büro videonu ilk olaraq IMEX 2015 beynəlxalq turizm sərgisində təqdim edib. Tədbir iştirakçıları videonu maraqla izləyib və heyranlıq ifadə ediblər.

Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonlarında Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlərin həyata keçirilməsi məqsədilə yaradılıb.

Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.

www.azcb.com/media/meeting-destination-azerbaijan

Bütün xəbərlər Facebook səhifəmizdə