Lənkəranda “Koreya Kinosu” Festivalı başlayıb

FOTOLAR
Lənkəranda “Koreya Kinosu” Festivalı başlayıb

İyulun 13-də Lənkəran şəhərindəki Qəni Vəliyev adına Mədəniyyət Sarayında "Azərbaycanda Koreya Kinosu Festivalı"na start verilib. SİA-nın Cənub bürosunun məlumatına görə, festivalın açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, SEBA (Seul-Bakı) Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva və SEBA Assosiasiyasının şöbə müdiri İradə Nəcəfova çıxış edərək Azərbaycan-Koreya mədəniyyətlərarası əlaqələrdən, bu cür tədbirlərin hər iki ölkə xalqlarının dostluq tellərinin daha da möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etməsindən, həmçinin nümayiş etdiriləcək filmlər vasitəsi ilə Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımalarına şərait yaratmasından söz açıblar. Daha sonra tamaşaçılara 2001-ci ildə rejissor Song İl-gon tərəfindən lentə alınmış "Təkcə sən" bədii filmi təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Fondu, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2015-ci il 6 iyul-15 avqust tarixləri arasında ölkənin 5 regionunda "Azərbaycanda Koreya Kinosu Festivalı"nın keçirilməsi planlaşdırılır. Lənkəran şəhərində keçirilən "Koreya Kinosu Festivalı" iyulun 19-a kimi davam edəcək. Daha sonra festival 20-29 iyul Sumqayıtda, 31 iyul-6 avqust Ağdaşda, 7-15 avqust tarixlərində isə Qəbələdə davam edəcək.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə