Musiqi Mədəniyyəti Muzeyi yeni eksponatlarla zənginləşib

Musiqi Mədəniyyəti Muzeyi yeni eksponatlarla zənginləşib

Niyazinin ev-muzeyinin nəzdindəki Klassik musiqi həvəskarları klubunda Əməkdar Jurnalist, qocaman publisist, Həsən bəy Zərdabi mükafatı laureatı Qalina Mikeladze ilə görüş olub. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurası yanında Musiqi Alətləri Muzeyləri və Kolleksiyalarının Beynəlxalq Komitəsinin üzvü, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq namizədi Alla Bayramova hər ayın ilk çərşənbə günündə toplaşan klassik musiqi həvəskarları klubunun qonaqlarını salamlayıb. O qeyd edib ki, bugünkü görüş əlamətdar hadisəyə həsr olunub. Hər dəfə Musiqi Mədəniyyəti Muzeyinin fonduna yeni eksponatın daxil olması sevinclə qarşılanır. Qalina Mikeladze öz kolleksiyasını, daha doğrusu, uzun illər ərzində topladığı Azərbaycan baletinə həsr olunmuş arxivini Musiqi Mədəniyyəti Muzeyinə hədiyyə verib. Arxivdə nadir fotoşəkillər də mühüm yer tutur.

Qalina Mikeladze uzun illərdir ki, ölkənin mədəni həyatını fəal işıqlandırır. Dövri mətbuatda dərc olunan çoxsaylı məqalələrindən başqa, onun bir neçə kitabı da nəşr olunub ki, onlardan biri də "Azərbaycan baleti"dir. Kitaba son iyirmi ildə mətbuatda dərc olunmuş və Azərbaycanda xoreoqrafiya sənətinin yarandığı vaxtdan bu günədək onun inkişafı ilə bağlı hadisələrin salnaməsi olan oçerklər, müsahibələr, resenziyalar daxil edilib.

Müəllif özü bu nəşrin əhəmiyyətini daha yaxşı ifadə edib: "Burada Rusiyanın tanınmış teatrşünası Boris Lvov-Anoxinin vaxtilə Leyla Şıxlinskayanın "Azərbaycan baletinin xoreoqrafik əfsanələrinin naxışları" kitabına müqəddimədə yazdığı sözləri misal göstərməyi lazım bilirəm: Teatrın adi həyatını qoruyub saxlayan və tarixə çevriləcək şəxsi təəssüratlar yaradan adam tapmaq mədəniyyət üçün böyük səadətdir".

Görüşdə Q.Mikeladze yaradıcılıq yoluna necə başlamasından, Moskvaya gedib digər azərbaycanlı məzunlarla birlikdə imtahan verməsindən, təhsil almasından danışıb. Onunla bir qatarda gedən gələcəyin daha bir tanınmış jurnalisti - Elmira Əliyeva ilə oxşar taleləri olub. Hər ikisi M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, hər ikisi məşhur sovet qəzetlərinin xüsusi müxbiri olub.

Qalina Ələkbər qızı əmək fəaliyyətinə Gürcüstan Yazıçılar İttifaqının nəşriyyatında redaktor kimi başlayıb, sonra Azərbaycan Elmlər Akademiyasının nəşriyyatında çalışıb. 1950-ci ilin sonunda o, respublikanın qocaman "Bakinski raboçi" qəzetində işləməyə başlayıb, sonra "Sovetskaya torqovlya" Ümumittifaq qəzetinin xüsusi müxbiri, 23 il isə onun Zaqafqaziya müxbir məntəqəsinin müdiri olub. 1993-cü ildə Qalina Mikeladze Azərbaycanda çox populyar olmuş ilk müstəqil qəzetlərdən birində - "Günay" qəzetinin redaksiyasında fəaliyyətə başlayıb. Burada 13 il (qəzet bağlananadək) baş redaktorun müavini vəzifəsində çalışıb. Harada işləməsindən asılı olmayaraq, o həmişə mədəniyyətdən yazıb, balet isə ömürlük məhəbbəti olub.

Hazırda Qalina Ələkbər qızı "1news" informasiya agentliyində işləyir, onun maraqlı oçerklərini, müsahibələrini, resenziyalarını dərc edən qəzet və jurnallarla əməkdaşlıq edir.

Qalina Mikeladze ilə görüşə dostları və həmkarları, onun məqalələrinin qəhrəmanları – balet artistləri və musiqiçilər gəlmişdilər. Gecə klassik musiqi ilə müşayiət olunub. Əməkdar Artist, Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyova Soltan Hacıbəyovun "Gülşən" baletindən Adajionu ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə