Xalq artistinin doğum günüdür

Azərbaycan Respublikasının xalq artisti, qocaman teatr və kino aktyoru Zülfüqar Baratzadənin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Zülfüqar Baratzadə 8 İyul 1931-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas kimi fəaliyyət göstərib. 1949-cu ildə Gəncə Dövlət Dram Teatrının truppasına aktyor kimi daxil olub. Xarakterlər aktyoru kimi o, təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazana bilmişdir.

Zülfqar Baratzadə 1971-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1981-ci ildə isə xalq artisti kimi fəxri adlara təltif olunub. Gəncə Dövlət Dram Teatrının səhnəsində bir-birindən maraqlı 200-dən artıq obrazlar qaleriyası yaradıb. Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tü1kü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çmqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Nesin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanəndəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "III Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond Kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik) obrazları aktyorunun yaradıçılığının əsasını təşkil edib.

Zülfüqar Baratzadə həmçinin "Yenilməz batalyon" (1965), "Yeni evlənənlər" (1983), "Bəyin oğurlanması" (1986), "Ölsəm bağışla" (1989), "Qətl günü" (1990) bədii filmlərinə də cəkilmişdir.

11 Fevral 1991-ci ildə 60 yaşında Gəncə şəhərində vəfat etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə