Səyyar seminarlar keçirilir

Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin daim dəstəklənməsi və onlarda peşə səriştələrinin artırılması Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran məqsədlərə effektiv nail olunmasına xidmət edən əsas məsələlərdəndir. Sözügedən istiqamətdə lazımi tədbirlərin görülməsi bilavasitə Nazirliyin Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin vəzifə səlahiyyətlərinə daxildir. Məhz elə bu səbəbdən təsadüfi deyil ki, qeyd olunan müəssisə Nazirliyin təşəbbüsü ilə mütəmadi olaraq regionlarda müxtəlif ixtisaslar üzrə səyyar seminarları təşkil edir.

Belə ki, Nazirliyin müvafiq Kollegiya Qərarlarının icrası məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən cari ilin 07-11 iyul tarixlərində Qəbələ şəhərində ümumilikdə 5 rayonu əhatə edən növbəti səyyar kursları həyata keçirilir.

Cari ilin 07 iyul tarixində başlanmış treninqlər mədəniyyət müəssisələrin əməkdaşları tərəfindən maraqla qəbul edilmişdir. Mədəniyyət əməkdaşlarının ümumi hazırlıq səviyyəsinin artırılması məqsədilə ixtisas fənləri ilə yanaşı, əməkdaşların dünya görüşünün artmasına xidmət edən dövlət quruculuğu və mədəniyyət siyasəti haqqında da məruzələr oxunulur.

Məlumat üçün bildiririk ki, Nazirliyin təşəbbüsü ilə həyata keçirilən bu kurslarda cəmi 16 rayonun, o cümlədən Gəncə, Qəbələ, Lənkəran, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Ağdaş, Göyçay, İsmayıllı, Ağsu, Lerik, Masallı, Yardımlı və Astara rayonlarının mədəniyyət işçisinin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə