Festival uğurla davam edir

Şəki "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının ikinci günü də dolğun və maraqlı proqramı ilə fərqlənib. SİA-nın məlumatına görə, hələ ötən gün festivalın möhtəşəm açılışından aldıqları təəssüratlarla yaşayan şəhər sakinləri öz çıxışları ilə böyük rəğbət qazanmış Türkiyənin "Cukurova semfoni" orkestrinin ifaçılarını kafe, restoran və suvenir mağazalarında görəndə onları bir daha alqışlayırdılar.

Sadə şəhər əhli, həmçinin festivalın növbəti tədbirinin iştirakçıları yeni günün gərgin ritminə qoşuldular. Səhər Şəki Musiqi Kollecində gənc musiqiçilərin iştirakı ilə İ.S.Bax, V.A.Motsart, F.Əmirov, S.Rüstəmov, V.Mustafazadənin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Festivalın qonaqları konsertdən aldıqları xoş təəssüratlarını ifadə edərək, gənc istedadların gələcəkdə tədris prosesinin təkmilləşdirilməsi üçün məsləhətlər veriblər.

Sonra Bəstəkarlar İttifaqının nümayəndələri təşkilatın cari işləri haqqında məlumat verərək, Azərbaycan bəstəkarları və musiqişünasları haqqında yeni nəşr olunmuş kitab və broşürləri təqdim ediblər. Musiqişünaslar – respublikanın əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın və sənətşünaslıq namizədi Səadət Təhmirazqızının çıxışları maraqla dinlənilib.

Festivalın axşam konserti "Yuxarı Karvansaray" tarixi kompleksində baş tutdu. Burada Polşadan gəlmiş virtuoz ifaçıların - violinçel və akkordeon alətlərinin tembrlərini birləşdirən qeyri-adi duetin çıxışları mükəmməl ifaçılıq ustalığı və orijinal repertuarı ilə tamaşaçıları valeh etdi. Konrad Merta (akkordeon) və Pyotr Qah (violonçel) öz konsert proqramlarını Astor Pyatsolanın bir neçə Tanqosu ilə başlayaraq odlu temperamenti və parlaq texnikaları ilə dinləyicilərin diqqətini cəlb ediblər. Daha sonra Macarıstan, Slovakiya, Serbiya, Bolqarıstan bəstəkarlarının musiqisi təqdim olunaraq rəngarəng milli koloriti, yeni ifaçılıq üsullarını, həmçinin müasir bəstəkarların zəngin fantaziyasını nümayiş etdirib.

Qeyd edək ki, tamaşaçılar artıq Avropa ölkələrində kifayət qədər tanınmış bu gənc və istedadlı musiqiçiləri böyük rəğbətlə qarşılayıblar. Tədbirin sonunda Polşa musiqiçiləri Şəkinin gözəlliklərindən vəcdə gəldiklərini ifadə ediblər və Festivalın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə