Azərbaycanlı professor qızıl medal aldı FOTOLAR

Azərbaycanlı professor qızıl medal aldı FOTOLAR

Akademik Milli Dram Teatrının kiçik zalında "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, teatr ictimaiyyətinin və jurnalistlərin iştirakı ilə keçirilən tədbir səmimi ortamı və sərbəst formatı ilə diqqəti cəlb edib.

"Avropa Nəşr Mətbuat Evi" mükafat komissiyasının qərarına əsasən, Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub.

Tədbiri giriş sözü ilə açan "Avropa Nəşr Mətbuat Evi"nin direktoru Şöhrət Səlimbəyli rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında, təsis etdikləri mükafat haqqında danışıb və qızıl medalın Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində böyük xidmətləri olan simalara verildiyini vurğulayıb.

Daha sonra İ.İsrafilovun fəaliyyət yolunu işıqlandıran videoçarx nümayiş olunub. Daha sonra Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan həmkarımız, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov, Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının aktyorları, Xalq artistləri Ramiz Novruz və Firəngiz Mütəllimova çıxış edərək, İsrafil İsrafilovu bu mötəbər mükafata layiq görülməsi münasibəti ilə təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə