Amaliya Pənahovanın yubileyi keçirildi FOTOLAR

Amaliya Pənahovanın yubileyi keçirildi FOTOLAR

Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq artisti, görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə "Amaliya Pənahovanın sevgi etirafı" adlı təntənəli gecə keçirilib. SİA-nın məlumatına görə, qonaqlar əvvəlcə Sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatr və kino sənətində gözəl qadın simalarından biri olan Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söz açıb. Bildirib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb. Hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır.

Nazir vurğulayıb ki, Amaliya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb. Sənətkar bu günlərdə Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub. Əbülfəs Qarayev ölkə başçısı adından yubilyarı təbrik edərək "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu Amaliya Pənahovaya təqdim edib.

A.Pənahova onun sənətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Gecədə TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları baş idarəsinin incəsənət əlaqələri üzrə koordinatoru Tahsin Murad Dəmirbaş, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və başqaları həyatını səhnəyə, sənətə həsr edən gözəl qadın, bacarıqlı aktrisa, əvəzsiz sənətkar kimi onu təbrik edərək, yubilyara xatirə hədiyyələri təqdim ediblər.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak ilə keçirilən gecədə video-çarxları nümayiş olunub.

Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi çoxsaylı tamaşalardan parçalar təqdim etməsi olub. Tədbirdə, həmçinin bir sıra tanınmış müğənnilərin ifaları dinlənilib. İfalar aktrisanın fotoşəkilləri və video görüntüləri ilə müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə