Əbülfəs Qarayev Robert Sekutanı qəbul edib FOTOLAR

Əbülfəs Qarayev Robert Sekutanı qəbul edib FOTOLAR

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib. Əbülfəs Qarayev Birləşmiş Ştatlar səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkəmizdə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğulayıb.

ABŞ səfiri də öz növbəsində əməkdaşlığa görə nazirə minnətdarlığını bildirib və bunun gələcəkdə də davam edəcəyinə ümid etdiyini dedi. Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini qeyd edərək onların bir çoxuna qatılmasından məmnunluğunu ifadə etdi. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dinlərə aid, fərqli dilləri və mədəni irsi olan xalqlar bir arada sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.

Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından bəhs etdi.

Qeyd edək ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm əlaqələri müzakirə olundu, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə