Respublika Uşaq Kitabxanasında Avropa kitablarının sərgisi

Respublika Uşaq Kitabxanasında Avropa kitablarının sərgisi

F.Köçərli adına Respublika Uşaq kitabxanası "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar "Eurochildbook-2015" adlı kitab sərgisi təşkil edib. SİA-nın məlumatına görə, sərgidə 40-dan çox ölkənin uşaq ədəbiyyatı nümayiş olunub.

Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) milli bölmələri tərəfindən (Finlandiya, Gürcüstan, Norveç, Sloveniya, Moldova, Rusiya və s.) idman mövzusunda kitabxanamıza göndərilən kitabların nümayişi uşaqların çox xoşuna gəlib.

Hər gün Bakı məktəblərindən sərgiyə baxmağa çoxlu sayda uşaq gəlirdi. Bu sırada "Dünya" məktəbi, Səbail rayonu 7 saylı, Osman Mirzəyev adına 190 saylı məktəbi, Nəsimi rayonundakı 42, 28, 164 saylı məktəbləri göstərmək olar. İlk Avropa Oyunları uşaqlarda böyük sevinc yaratdı. Sərgi zamanı onlar yarışlarla bağlı təəssüratlarını həmyaşıdları ilə bölüşür, Azərbaycan idmançıları tərəfindən qazanılan uğurlara sevinirdilər. Sərgi iştirakçılarına kitabxananın təsis etdiyi "Göy qurşağı" uşaq jurnalı və Avropa Oyunlarının rəmzi olan Nar şəkilli papaq hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə