IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Azərbaycanda kitab nəşri və poliqrafiyanın daha da inkişaf etdirilməsi, nəşr olunmuş lazımlı çap məhsullarına kütləvi marağın təmin edilməsi, xarici ölkələrin nəşriyyatları ilə əlaqələrin qurulması, kitab mübadiləsi, ölkə nəşriyyatlarının satış və təbliğat imkanlarının genişlənməsi Azərbaycanda da beynəlxalq kitab sərgi yarmarkasının uğurlu fəaliyyət göstərməsinə səbəb olub. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə 2009, 2011 və 2013-cü illərdə təşkil olunmuş Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkəmizdə, eyni zamanda regionda rəğbət qazanmış, kitab nəşri və yayımı prosesində yeni mərhələnin əsasını qoyub.

Fəaliyyətin davamı olaraq müəyyən edilmiş qaydaya əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr 2015-ci il tarixində Bakı şəhərində, Bakı İdman Kombinatında (Əl Oyunları İdman Sarayında) IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunacaq.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemləri və M.Ə.Sabir adına şəhər kütləvi kitabxanası tərəfindən də əhalinin asudə vaxtını səmərəli keçirməsi, cəmiyyətdə mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması məqsədilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində müxtəlif sərgilər təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə