Şəki “İpək Yolu” Festivalı başlayıb FOTOLAR

Şəki “İpək Yolu” Festivalı başlayıb FOTOLAR

İyulun 1-də Azərbaycanın ən qədim və gözəl tarixi şəhərlərindən biri olan Şəki yenidən öz qapılarını Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Şəki "İpək Yolu" Beynəlxalq musiqi festivalı iştirakçılarının üzünə açıb. SİA-nın xəbərinə görə, həmin gün festival çərçivəsində Azərbaycan memarlığının nadir incisi, XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində Yaponiyanın "Kamiqata Sumiyoşi Kai" musiqi ansamblının konserti olub.

Beş gün davam edəcək Şəki "İpək Yolu" VI Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi isə axşam saatlarında "Yay teatrı"nda keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək Şəki "İpək yolu" VI Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlamış və festivalın işinə uğurlar arzulayıblar.

Vurğulanıb ki, Şəki " İpək Yolu " VI Beynəlxalq Musiqi Festivalının keçirilməsi olduqca əlamətdar bir dövrə təsadüf edir. İyunun 12-dən 28 dək Bakıda keçirilən I Avropa Oyunları uğurla başa çatıb. Oyunlar zamanı bütün dünya bir daha xalqımıza xas olan yüksək təşkilatçılıq səmimi qonaqpərvərlik və mədəni dəyərlərin şahidi olub.

Qeyd olunub ki, qədim sənət və mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhəri beynəlxalq festivalların keçirilməsi üçün gözəl bir məkandır, artıq ənənə halını almış "İpək Yolu" Beynəlxalq musiqi festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb.

Bildirilib ki, bu dəfə festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər.

Qeyd olunmuşdur ki. Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərimizin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan cənab Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq bildirilib.

Rəsmi hissədən sonra tamaşaçılar Türkiyənin Adana şəhərinin Çukurova Dövlət Simfonik Orkestrinin konsertini izləyiblər.

Orkestrin drijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, solisti Toğrul Qəniyevdir.

Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1988-ci ildə yaradılan bu kollektiv ölkənin sayca dördüncü dövlət simfonik orkestridir. Orkestrin xarici qastrol səfərlərinin coğrafiyası çox genişdir. Kollektiv Kipr, Suriya, Almaniya, Yaponiyada maraqlı konsert proqramları ilə çıxış edib. Orkestr bir çox klassik və müasir bəstəkarların əsərlərinin mahir ifaçısıdır.

Orkestrin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə