Efirlərdəki özbaşınalığın qarşısını almaq mümkündürmü? AÇIQLAMA

Efirlərdəki özbaşınalığın qarşısını almaq mümkündürmü? AÇIQLAMA

Son zamanlar televiziyalarda nümayiş etdirilən bəzi verilişlər efir etikasından tamamilə uzaqlaşıb. Efirə yaraşmayan mövzular seçilir, dəvət olunan qonaqların fikirlərinin tamamilə bir-birilərinə zidd olması, şəxsi həyatlarını idarə edə bilməyən insanların xalqa məsləhətlər verməsi cəmiyyət tərəfindən haqlı olaraq qınanılır. Bu cür özbaşınalığın qarşısını almaq mümkündürmü? və ya efirlərdə xoşagəlməz hadisələrin təkrarlanmaması üçün nə edilməlidir? Bununla bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlama verib.

Bildirib ki, Azərbaycan televiziyası və virtual məkanında insanların bir-birilərini təhqir etmələri, şəxsi həyata müdaxilə halları çoxalıb və bunun qarşısı birmənalı şəkildə alınmalıdır: "Artıq bir neçə hadisənin şahidi olmuşuq ki, müxtəlif sənət adamları bir-birilərini təhqir edərək şəxsi həyatlarını televiziyalara çıxardırlar. Bu da xalqın müxtəlif təbəqələri arasında etiraza səbəb olur. Bununla bağlı biz bir neçə dəfə müxtəlif ictimai təşkilatların, qurumların tədbirlərində narazılığımızı bildirmişik. Belə hadisələrin qarşısını almaq üçün bir neçə metod var. Birincisi, özünü və sözünü idarə edə bilməyən insanların efirə çıxmasına qəti qadağa qoymaq lazımdır. Bununla əlaqədar olaraq Teleradio Şurası normativ sənədlər qəbul etməlidir. İkincisi, telekanallarda bu tip söyüş, təhqir, insanların irqi, cinsi, etnik ayrı seçkilik edən hər hansı bir aparıcı və ya qonağa efirə çıxmaq qadağan edilməlidir. Hətta şərti və ya həbs cəzası verilməlidir. Düşünürəm ki, telekanalların özlərini də buna görə ciddi cərimələmək lazımdır, ya da həmin proqramların yerinə "Boz ekran" deyilən bir variant var ki, həmin vaxt efir sönür və veriliş bitənə qədər kanal cəzalı qalır. Bu Türkiyə və digər ölkələrin telekanallarında da həyata keçirilir. Üçüncüsü, ictimai qınaq və kanalların özləri verilişlərin səviyyəsini qaldırmaqla bunun qarşısını alınmaqla mümkün olar. Proqramların mövularından asılı olmayaraq əksəriyyətində şou nümayəndələrinin iştirakı və efiri zəbt etmələri yolverilməzdir. Bu da yetişməkdə olan gənc nəslin formalaşmasına mənfi təsir göstərir. Gənclər düşünürlər ki, heç bir savad almadan, özlərini yormadan varlanacaqlar. Belə ki, onlar müğənnilik edərək efirlərə çıxacaq və zamanın qəhrəmanları olacaqlar. Bunun qarşısını almaq üçün kanalların estetik səviyyəsini qaldırmaq lazımdır. Düşünürəm ki, Milli Məclis tərəfindən müəyyən qadağanedici sənədlərin qəbul edilməsinə ehtiyac duyulur. Diqqət etsək görərik ki, televiziyaların canlı efirində bir-birilərini alçaltmaq, təhqir etmək real həyata keçib. Təəssüf ki, bu cür hallara tez-tez şahid oluruq. Bir sözlə Teleradio Şurasından və əlaqədar orqanlardan tələb edirik ki, bu cür səviyyəsizliyin qarşısı alınsın. Əks təqdirdə gələcək nəslin inkişafında müəyyən qüsurlar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə