İlk Avropa Oyunları Azərbaycan turizminə necə təsir etdi? SORĞU-FOTOLAR

İlk Avropa Oyunları Azərbaycan turizminə necə təsir etdi? SORĞU-FOTOLAR

"Bakı-2015" İlk Avropa Oyunları uğurla başa çatdı. Dünyanın müxtəlif yerlərindən ölkəmizə turist axını oldu. İlk Avropa Oyunları Azərbaycanın mədəniyyətinə, idmanına, iqtisadiyyatına, turizminə böyük töhfələr verir. Avropa Oyunlarının möhtəşəmliyi, təşkilatçılıq və qonaqpərvərliyimiz turistlərin yaddaşına həkk olundu. Ekspertlər də hesab edir ki, növbəti illərdə Azərbaycana üz tutan turistlərin sayı daha da artacaq. Bunun da əsas səbəbi "Bakı-2015"in möhtəşəm şəkildə keçirilməsi oldu və Azərbaycan öz qüdrətini dünyaya bir daha sübut etdi.

SİA "Bakı-2015" İlk Avropa Oyunlarının turizm sahəsinə təsiri ilə bağlı keçirdiyi sorğunu təqdim edir.

İqtisadçı ekspert Vüqar Bayramov söyləyib ki, Azərbaycan I Avropa Oyunları kimi möhtəşəm idman yarışlarına ev sahibliyi etdi: "Cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropadakı bəzi dairələr gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyinə inanmırdılar. Lakin Azərbaycan əksər ölkələrin edə bilməyəcəyini reallaşdırdı. Qısa zamanda nəinki qədim qitəni, bütövlükdə dünyanı heyran edəcək möhtəşəm yarışlar üçün infrastruktur və real baza formalaşdırdı. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxuna sahib olan Azərbaycanın Avropada ilk dəfə olaraq bu Oyunlara ev sahibliyi etməsi və qitə tarixində yeni mərhələnin əsasını qoyması, məhz onun iqtisadi və siyasi gücünün sintezi nəticəsində baş verdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və şəxsi təşəbbüsü ilə reallaşan bu möhtəşəm yarışların kifayət qədər uğurlu təşkil edilməsinin əsas səbəbi, hazırlıq, eləcə də yarışların təşkili işinə məhz Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etməsi oldu. Azərbaycan Prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi məhz birinci Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı. Yarışlardan əvvəl və Oyunlar müddətində müxtəlif daxili və xarici qərəzli qara "piar" kampaniyalarının aparılmasına baxmayaraq, Azərbaycan xalqının həmişəki kimi cənab Prezidentinin təşəbbüsünü tamamilə dəstəkləməsi və müdafiə etməsi bu möhtəşəm Oyunlarının uğurunun digər səbəbi idi. Siyasi iradə, mükəmməl təşkilatçılıq, xalqın dəstəyi və təbii ki, güclü iqtisadiyyat, məhz bu uğur zəncirinin əsas tərəfləri oldu. Artıq geridə qalan möhtəşəm idman yarışlarına yalnız geosiyasi deyil, eyni zamanda iqtisadi bir təşəbbüs kimi baxılmalıdır.

Regional və qlobal yarışları təşkil edən zaman hər bir dövlət çalışır ki, daha çox turist cəlb etməklə iqtisadiyyatına sərmayə axınını genişləndirsin. Hər zaman xarici kapitala əlverişli biznes mühiti formalaşdıran ölkəmiz birinci Avropa Oyunları zamanı da öz imkanlarını xaricilərə bir daha tanıtdı. Etiraf etmək lazımdır ki, ölkəmiz müstəqillik tarixində heç zaman qısa müddətdə bu qədər çoxlu turist cəlb etməmişdi. Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən ən çox qazanan sahə kimi qiymətləndirildi. İlkin qiymətləndirmələr göstərdi ki, turizm sektoru I Avropa Oyunlarının təşkilindən ən çox faydalanan sahələrdən biri oldu. Turizm üçün sözügedən Oyunların təşkili həm cari, həm də strateji baxımdan əlverişlidir. Əvvəla, I Avropa Oyunları keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Razılaşaq ki, Azərbaycan heç zaman bu qədər çoxlu turist cəlb etməmişdi. Turistlərin sayının çox olması məhz qərəzli qara "piar" kampaniyalarına baxmayaraq, xaricdə də sözügedən Oyunlara marağın yüksək olduğunu göstərdi. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa Oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, Oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollardan artıq sərmayə yönəltdi. Bu isə o deməkdir ki, turizm sektoru Oyunların keçirilməsindən birbaşa gəlir əldə edə bildi. Gəlirlər təbii ki, heç də turizm şirkətləri, hotellər ilə tamamlanmadı, daha geniş miqyası əhatə etdi. Bizim apardığımız monitorinqlər göstərdi ki, ölkəmizə gələn turistlər sadəcə paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək bütövlükdə ölkə iqtisadiyyatına töhfə verdilər. İkincisi, turistlərin Azərbaycanda olmasından xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazandı. Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalandı və bu da həmin sahələrə əlavə sərmayəni yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda bildik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə bildi".

Ekspert Ruslan Quliyev də düşünür ki, "Bakı-2015" İlk Avropa Oyunlarının təşkili turizmin inkişafında mühüm rola malikdir: "Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunları Bakıda indiyə qədər reallaşdırılan ən böyük idman yarışıdır. Ölkədə Oyunlar zamanı əvvəlki illərlə müqayisədə daha çox turist oldu. Avropa Oyunları Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Həm ölkənin təbliği, həm də turizm sənayesinə böyük təsiri oldu. Bu Oyunlar Azərbaycan turizminin inkişafını 6-7 il önə atdı. İnfrastruktur dəyişdirildi, yollar çəkildi, əyləncə mərkəzləri, hotellər açıldı. Gələn qonaqlara, idmançılara Azərbaycanı tanıtmaq bizim üçün çox önəmli idi. Azərbaycan yalnız Bakıdan ibarət deyil. Digər bölgələri də çox gözəldir və bura dünyaya açılan yeni bir turizm məkanıdır. Mədəniyyət və Turizm Nazirliyinin təlimatı ilə biz hər kəs üçün şəhərdən kənara qısa turlar təşkil etdik. Hər kəsi qonaq kimi qarşıladıq. Xidmət keyfiyyətini də ən yüksək səviyyədə təşkil etdik. Azərbaycanda hotel strukturunda da sürətli inkişaf gedir. Belə ki, 5 il öncə 200-300 hotel vardısa, hazırda hotellərin sayı 500-dən artıqdır. Turizm agentliklərinin sayı artır. Həmçinin turist axını da çoxalır və biz bu il mövsümün sonuna qədər 3 milyon turist gözləyirik. Təxminən bu il daxili turizm imkanlarından 750 mindən çox insan istifadə edəcək. Bu, əhalisinin sayı 9,5 milyon olan ölkə üçün yaxşı rəqəmdir. Amma rəqəmdən daha çox keyfiyyətə baxmağa önəm veririk. Yalnız Bakı deyil, Qəbələ, Gəncə, Lənkəran, Naxçıvan kimi çox vacib mədəniyyət mərkəzləri var. Azərbaycan idman xidmətlərində dünyaya çox gözəl bir örnək oldu".

"Weekend Travel" turizm şirkətinin rəhbəri Eldar Dərgahov "Bakı-2015" İlk Avropa Oyunlarının birbaşa ölkəmizi xaricdə tanıtmaq baxımından gözəl vasitə olduğunu diqqətə çatdırıb: "Bundan sonra da paytaxt Bakıya və bölgələrimizə turist axını və marağı daha da çoxalacaq. "Bakı-2015" İlk Avropa Oyunları zamanı qazandığımız uğurlar növbəti illərdə daha effektiv təsir göstərəcək. Düşünürəm ki, ölkəmizə xaricdən gələn jurnalistlər, idmançılar gələcəyin turistidir. Dünya turizm bazarında artıq Azərbaycan da sözünü deyib və deyir. Hesab edirəm ki, turistlərin Azərbaycana marağı artdıqca, bunun ölkəmizdəki turizm şirkətlərinə də müsbət təsiri olacaq. Bu cür mötəbər tədbiri keçirməklə biz öz gücümüzü, qüdrətimizi və potensialımızı dünyaya və bizə inanmayan qüvvələrə bir daha sübut etdik. Bir sözlə ölkəmiz hər kəsi inandırdı ki, Azərbaycan bundan sonra daha böyük tədbirlərə layiqincə ev sahibi ola bilər".

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə "Bakı-2015" İlk Avropa Oyunlarının ölkə turizminin, ümumilikdə Azərbaycanın yüksək səviyyədə təbliğatına xidmət etdiyini söyləyib: "Təbii ki, ölkəmizdə turizm sənayesində çalışan hər kəs, istər mehmanxana, istər turizm şirkəti, istər bələdçilər, istər nəqliyyat, istərsə də suvenir satışı köşklərinə qədər hər sahədə nəzərəçarpacaq hərəkətlilik oldu. Dünya təcrübəsi göstərir ki, bu cür mötəbər tədbirlərin keçirilməsi ölkə turizminə yüksək xeyir gətirir. Turistlər də ölkəmizi bəyəndiyi təqdirdə, potensial təbliğatçı olaraq digər əcnəbi qonaqları da məlumatlandıra bilərlər".

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə