“İpək Yolu” Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilib

“İpək Yolu” Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Şəki "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının açılışı (1-5 iyul) ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Rəşad İlyasov, Türkiyə səfirliyinin nümayəndəsi Məhin Tağıyeva, Polşa səfirliyinin nümayəndəsi Sonya Piriyeva, media mənsubları və başqaları iştirak ediblər.

Konfransı giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Festivalın bədii rəhbəri Firəngiz Əlizadə açaraq artıq altıncı dəfə Vətənimizin qədim və gözəl diyarı olan Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının öz ənənələri, məkanları, iştirakçıları, ab-havası formalaşdığını söyləyib. Bildirib ki, bu illər ərzində Şəkinin nə qədər gözəlləşdiyinin, qədim tarixi abidələrin bərpa olunduğunun, yeni konsert məkanlarının tikildiyinin, yeni musiqiçi nəsillərinin yetişdiyinin şahidi oluruq: "Artıq bu il Şəkinin "Zirvə" ansamblının Festivalda iştirakı bunun bariz sübutudur. Hər dəfə Şəki "İpək yolu" Beynəlxalq Musiqi Festivalı yeni ideyalarla zənginləşir. Bu dəfə Festivalımızın ən böyük hadisəsi Azərbaycanda yaşayan azsaylı xalqların musiqi folklorunun, mərasimlərinin, mahnı və rəqslərinin nümayişi olacaq. "İpək yolu"nun ənənəsinə uyğun olaraq, xarici ölkələrdən – Yaponiyadan, Polşadan, Türkiyədən tanınmış musiqi kollektivlərinin maraqlı konsert proqramları Festivalımızı bəzəyəcək. Əməkdar İncəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Türkiyənin məşhur Çukurova Dövlət Simfonik Orkestrinin konserti Festivalın təntənəli açılış mərasimini möhtəşəm edəcək".

Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Rəşad İlyasov Azərbaycan respublikasının çoxmillətli bir dövlət olduğunu söyləyib. Bildirib ki, burada əhalinin 90%-dən çoxunu təşkil edən azərbaycanlılarla yanaşı, ruslar, talışlar, ləzgilər gürcülər, avarlar, saxurlar, udinlər, yəhudilər, tatarlar və digər milli etnik azlıqlar yaşayırlar: "Azsaylı xalqların əlvan musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsi təşkil edir. Bu xalqların əsrlər boyu ölkəmizdə yaşayıb-yaratmaları, öz mədəni irslərini qoruyub və inkişaf etdirmələri Azərbaycanda tolerantlığın və multikulturalizmin mövcud olduğunun bariz sübutudur".

Qeyd edək ki, sonda digər çıxışçılar da söz alaraq 1-5 iyul tarixində baş tutacaq "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının hər zaman olduğu kimi yenə də möhtəşəm keçiriləcəyini diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə