"Qədim musiqi alətləri"

Bakıda keçirilən I Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizdə olan xarici qonaqlar üçün keçirdiyi konsert proqramları davam edir. SİA-nın məlumatına görə,növbəti konsert proqramı Beynəlxalq Muğam Mərkəzində "Qədim musiqi alətləri" Dövlət ansamblının ifasında təqdim olunub.

Solistləri əməkdar artistlər Nuriyyə Hüseynova və Teyyub Aslanov olan ansamblın bədii rəhbəri əməkdar artist Munis Şərifovdur.

Gecədə ansamblın ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 1996-cı ildən etibarən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətə başlayan ansamblın ətrafında 14 musiqiçi bir araya gəlib. Bu qrupun bәnzәrsizliyi ondadır ki, musiqiçilər orta әsrlәrdә istifadә olunmuş, sonradan tәdricәn unudulmuş və xalq artisti Məcnun Kәrimov tәrәfindәn bәrpa olunmuş musiqi alәtlәrindә XIV әsr musiqisini, hәmçinin Azәrbaycan xalq mahnılarını ifa edirlәr.

Bütün xəbərlər Facebook səhifəmizdə