Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları zəngin mədəniyyətimizi, incəsənətimizi nümayiş etdirmək üçün gözəl fürsətdir. Çünki idman bayramına gələn əcnəbi qonaqlar yarışları izləməklə yanaşı, Azərbaycanı da "kəşf" edirlər. Mədəniyyətimizin nümunəvi təqdimatı məqsədilə "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, teatr-konsert müəssisələrinin iştirakı ilə zəngin mədəni proqram hazırlanıb. Mədəni proqram çərçivəsində paytaxtın aparıcı teatrları da repertuar seçiminə xüsusi diqqət ayırıblar. İyunun 12-dən etibarən teatrlarda tamaşaların sinxron və titrlərlə tərcümədə nümayişi həyata keçirilir. Subtitrli nümayişlər Avropa Oyunlarından sonra da davam edəcək. Tamaşaların əksəriyyətini xarici qonaqlar da izləyirlər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, iyun ayı ərzində Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşanın 24 dəfə nümayişi nəzərdə tutulub. Səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxil edilib. Teatrın rəhbərliyi bildirir ki, Azərbaycana dünyanın müxtəlif ölkələrindən qonaqların gəlməsi ilə əlaqədar repertuarda olan bir sıra əsərlərin ingilis dilinə tərcüməsi reallaşdırılıb. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun", "Ər və arvad", O. Kazimi və R.Heydərin "Qızıl toy", J.B.Molyerin "Skapenin kələkləri", Ə.Haqverdiyevin "Kimdir müqəssir?", R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun "Talelər qovuşanda" və başqa əsərlər ingilis dilində tərcümədə, qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim olunur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan bu imkanlar gözləniləndən də yüksək effekt verib. Teatrda bir sıra tamaşalar eyni zamanda rus dilində də nümayiş olunur. J.B.Molyerin "Skapenin kələkləri" tamaşası da bu qəbildəndir. Tamaşadan əvvəl teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, bu günlər teatrda nümayiş olunan tamaşaların əksəriyyətini xarici vətəndaşlar da izləyiblər. Bu da turistlərin Azərbaycan incəsənətinə marağının göstəricisidir. Tamaşalara Almaniya, Rusiya və Ukraynadan olan qonaqlar baxıblar. Rus dilində oynanılan səhnə əsərləri isə xarici qonaqlara eyni zamanda ingilis dilində də subtitrlər vasitəsilə təqdim olunur. Teatr qonaqların yaradıcı heyətlə tanışlığı üçün də şərait yaradır. "Skapenin kələkləri" tamaşasında rolları əməkdar artist Boris Qrafkin, aktyorlar Emil Heydərov, Marina Litvinenko, Nadejda Povelisina, Kamil Osmanlı, Firuz Məmmədov və başqaları ifa ediblər. Tamaşadan sonra qonaqlar əsərin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov və Musiqili Teatrın direktor müavini Hüseyn Hüseynovla görüşdülər. Səmimi şəraitdə keçən söhbət zamanı qonaqlar tamaşadan razı qaldıqlarını, çox böyük mənəvi zövq aldıqlarını bildiriblər. "Teatrınızın çox unikal və möhtəşəm binası var. Tamaşa da yüksək səviyyədə hazırlanıb. Tamaşanı izlədikcə bizə elə gəlirdi ki, sanki Avropanın ən inkişaf etmiş ölkələrindən birinin teatr salonundayıq. Azərbaycan son illərdə Avropada ən çox inkişaf etmiş ölkələrdən biridir. Elə təkcə birinci Avropa Oyunlarının açılış mərasimi bunun əyani sübutudur", - deyə qonaqlar fikirlərini bölüşüblər. Şəhərin müasirliyi və qədimliyi, eyni zamanda teatrların mərkəzdə yerləşməsi onların daha çox xoşuna gəlib. Bildirirlər ki, burada hər kəs onları mehribanlıqla qarşılayır, lazım olan köməyi əsirgəmir. ilk dəfə Bakıya gəldiyini bildirən sloveniyalı Leo Osred təəssüratlarını belə bölüşür: "Bakıya gələndə bu cür ab-hava ilə qarşılaşacağımız ağlımıza belə gəlməzdi. Həm mədəniyyəti, həm də nəhəng idman sarayları olan bir ölkənin şahidi olduq. Əslində biz yarışlara gəlmişdik, lakin mədəni proqramlar da hədsiz marağımıza səbəb oldu. Gün ərzində yaradılan bayram əhvalı bizi sevindirir". Yerli tamaşaçılar da bu yeniliyə biganə deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB