VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanın tarixində əlamətdar bir hadisə olan Birinci Avropa Oyunlarının keçirildiyi bu günlərdə Respublikanın Bəstəkarlar İttifaqında Şəki "İpək Yolu" - VI Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə bağlı gərgin hazırlıq işləri aparılır. SİA-nın məlumatına görə, bu festival iyulun 1-dən 5-dək Vətənimizin dilbər guşələrində biri - bu gün də əsrarəngiz ipək sapları və gözəl kəlağayıları ilə YUNESCO-nun bəşəriyyətin mədəni irsi siyahısına daxil edilən qədim Şəki şəhərində keçiriləcək. Festivalda Şərq və Qərb ölkələrindən gəlmiş bir sıra tanınmış musiqiçilər çıxış edəcək, müxtəlif xalqların və millətlərin musiqisi səslənəcək, simfonik orkestrlər və virtuoz-solistlər öz yüksək peşəkarlıqlarını nümayiş etdirəcəklər.

"İpək Yolu" festivalının özəlliyi və bənzərsizliyi ondan ibarətdir ki, onun bütün tədbirləri füsunkar memarlıq abidələrinin – Şəki Xan Sarayı, Yuxarı Karvansaray tarixi kompleksi, Kiş kəndində yerləşən Alban Kilsəsinin ecazkar mənzərəsi önündə keçirilir.

Festival günlərində dirijor F.Kərimovun idarəsi ilə Adana (Türkiyə) şəhərindən "Çukurova Semfoni" simfonik orkestrinin (solist – T.Qəniyev) və C.Tağızadənin rəhbərlik etdiyi Azərbaycan Bəstəkarlar İttifaqının "Baku-Sinfonietta" orkestrinin, Yaponiya və Polşadan dəvət olunmuş ansamblların, habelə gənc muğam ifaçıları – Arzu Əliyeva və Sahib Paşazadənin çıxışları gözlənilir.

Festivalın yeniliyi isə Azərbaycanda yaşayan müxtəlif xalqların folklor kollektivlərinin möhtəşəm nümayişi olacaq. İki gün ərzində (3 və 4 iyul) müxtəlif xalqların – ləzgi, rus, talış, tatar, udin, tat, ingeloid, kürd, mesheti türkləri, avar və saxur nümayəndələri öz mahnıları, rəqsləri və mərasimləri ilə çıxış edəcəklər. Bu füsunkar və parlaq rənglər və səslər aləminin festivalda təmsil olunması bir il öncə ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşəcəkdir.

Beləliklə, "Baku – 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin Sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın irəli sürdüyü "Qardaşlıq, dostluq və qarşılıqlı anlaşma" ideyaları "İpək Yolu" - VI Şəki Beynəlxalq Musiqi Festivalında da öz təcəssümünü tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə