Nazir Neftçalanın mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış olub FOTOLAR

Nazir Neftçalanın mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış olub FOTOLAR

Neftçalada vətəndaşlarla görüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qəbuldan sonra rayondakı mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış olub. SİA-nın məlumatına görə, əvvəlcə rayon Mərkəzi Kitabxana Sisteminə gələn nazir buradakı iş şəraiti, kitabxanaya oxucuların cəlb olunması, yeni nəşrlərlə təminat və s. məsələlərlə maraqlanıb.

Sonra nazir rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Muzey binasının əsaslı təmirə və yenidənqurmaya ehtiyacı var. Nazirə məlumat verildi ki, bina yaxşı vəziyyətdə olmadığı üçün muzeyin eksponatları müvəqqəti olaraq Xanoğlan Məmmədov adına Neftçala şəhər Mədəniyyət və İncəsənət Sarayında yerləşdirilib. Əbülfəs Qarayev muzey binasında təmir və yenidənqurma işlərinin aparılması üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhər Mədəniyyət və İncəsənət Sarayına gələn nazir buradakı vəziyyətlə maraqlanaraq müvafiq tapşırıqlarını verib. Binada yerləşdirilmiş Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxış keçirilib. Qeyd olunub ki, 16 mindən çox eksponatı olan muzeyin müasir ekspozisiya zalının qurulmasına ehtiyac var. Mədəniyyət və İncəsənət Sarayında yerləşən Neftçala Dövlət Rəsm Qalereyası ilə tanış olan nazirə məlumat verilib ki, burada 100-ə yaxın əsər nümayiş etdirilir.

Əbülfəs Qarayev daha sonra Neftçala rayon Uşaq İncəsənət Məktəbinə gəldi. Məktəbin binası və tədris şəraiti ilə maraqlanan nazir bildirib ki, yaxşı vəziyyətdə olmayan bu binada da müvafiq təmir-bərpa işləri görülməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə