Xorvatiyanın turizm imkanları Bakıda müzakirə edilib FOTOLAR

Xorvatiyanın turizm imkanları Bakıda müzakirə edilib FOTOLAR

Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Xorvatiyanın turizm potensialının tanıdılması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Welcome to Croatia" ("Xorvatiyaya xoş gəlmisiniz") layihəsi çərçivəsində bu ölkənin turizm nümayəndələri ilə görüş keçirilib. Görüşdə Xorvatiyanı Zaqreb Turizm İdarəsi təmsil edib.

Tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti Zladko Mateşa, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin əməkdaşları və I Avropa Oyunlarında iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn xorvatiyalı nümayəndələr iştirak ediblər.

Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti Zladko Mateşa çıxış edərək I Avropa Oyunları ilə bağlı Azərbaycanda olmasından məmnunluğunu bildirib və Oyunların çox yüksək səviyyədə təşkil edildiyini deyib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ölkələrarası əlaqələrin genişləndirilməsində idmanın rolundan bəhs edib. Onun sözlərinə görə, idman yarışları kimi, turizm də ölkənin tanınması baxımından olduqca önəmlidir. Bu səbəbdən də hər bir ölkə turizmin inkişafına xüsusi önəm verir.

Zaqreb Turizm İdarəsinin direktoru Luka Benka Xorvatiyanın turizm potensialından bəhs edən videoçarxı təqdim edib. Vurğulayıb ki, iki ölkənin turizm şirkətlərinin əməkdaşlığı üçün əlverişli şərait mövcuddur. Xüsusilə də Zaqreb şəhərinin kurort-rekreasiya və turizm imkanlarının inkişaf dinamikası buna əsas verir.

Görüşdə Xorvatiyanın Adriatik dənizi boyu sahillərində yerləşən Dubrovnik, Zadar, Split kimi şəhərlərinin turizm imkanlarından da söz açılıb. Bildirilib ki, Xorvatiyanın Dolmatsiya, İstra regionları il ərzində çoxlu turist qəbul edir və yaxın gələcək üçün populyar turizm istiqamətləri kimi geniş perspektivlərə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə