“Gəncləşən muğam” adlı konsert olub

“Gəncləşən muğam” adlı konsert olub

Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının sayca altıncı "Gəncləşən muğam" adlı konserti keçirilib. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Lalə Hüseynova konsertin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda birinci Avropa Oyunları çərçivəsində keçirildiyini bildirib.

Ənənəvi olaraq hər il keçirilən "Gəncləşən muğam" layihəsinin rəhbərləri xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının professoru, xalq artisti Mənsum İbrahimov çıxış edərək layihə haqqında geniş məlumat verib. Bildirib ki, layihənin adı özündə, yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir.

Vurğulanıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin və incəsənətimizin, o cümlədən muğam sənətimizin ölkədə və onun hüdudlarından kənarda təbliğində və tanıdılmasında müstəsna rolu vardır.

Konsertdə 17 muğam ifaçısı çıxış edib. Onların ifasında zərb muğamlar, muğam-təsniflər, xalq mahnıları ilə yanaşı, bəstəkar mahnıları da səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə