"Bakı-2015" İlk Avropa Oyunları Azərbaycanın mədəniyyətinə, idmanına, iqtisadiyyatına, turizminə böyük töhfələr verir. Bu oyunlarda iştirak etmək üçün şəhərimizə Avropanın hər yerindən təqribən altı min idmançı gəlib. Bununla yanaşı idman yarışlarını izləmək üçün turist axını da nəzərdən qaçmır. Hazırda dünyanın və Avropanın gözü olan Bakıya hər kəs heyran qalıb. Hələ də "Bakı-2015" İlk Avropa Oyunlarının açılış mərasiminin möhtəşəmliyi və füsunkarlığından ayrıla bilməyən turistlər yenidən paytaxtımızın qonağı olmaq istəyirlər.
Bəs "Bakı -2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə turizminə hansı təsiri göstərəcək? Bu haqda SİA-ya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov məlumat verib.

Bildirib ki, İlk Avropa Oyunlarından sonra ölkəmizə daha çox turist axını olacaq: "Dünya təcrübəsi göstərir ki, bu cür mötəbər tədbirlərin keçirilməsi ölkə turizminə yüksək xeyir gətirir. Turistlər də ölkəmizi bəyəndiyi təqdirdə potensial təbliğatçı olaraq digər turistləri də məlumatlandıra bilərlər. Nəzərə alsaq ki, artıq informasiya texnologiya dünyasıdır. Bu halda ölkəmizi bəyənən turistlər digər onlarla, yüzlərlə insanlara Azərbaycan haqqında dolğun məlumat vermək imkanı qazanırlar. Onu da deyim ki, dünya turizm bazarında artıq Azərbaycan da sözünü deyib və deyir. Düşünürəm ki, ölkəmizə gələn qonaqlar Azərbaycana yenidən gəlmək istəyəcəklər".

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov da açıqlamasında diqqətə çatdırıb ki, ölkəmizə xaricdən gələn jurnalistlər, idmançılar gələcəyin turistidir. Bildirib ki, Azərbaycana gəlib bu gözəlliyi görən insan mütləq öz ölkəsinə qayıdanda ətrafındakı insanlara bu gözəllik haqqında danışacaq və yenidən burada olmaq istəyəcəklər: "Onu da deyim ki, Avroviziya zamanı da ölkəmizin turizmi böyük təbliğ olundu. Müşahidə edilsə görünər ki, sözügedən musiqi yarışmasından sonra Azərbaycana gələn turistlərin sayında xeyli artım olub. Düşünürəm ki, "Bakı-2015" İlk Avropa Oyunları bitəndən sonra, yəni 2016-cı il və daha sonrakı illərdə turist sayının artdığının şahidi olacağıq. Xüsusilə diqqətinizə çatdırım ki, "Bakı-2015" İlk Avropa Oyunlarının açılış mərasimi televiziyalarda göstərildi. Açılış mərasimindən sonra Rusiya tərəfindən bizim turizm şirkətlərinin müdirləri ilə əlaqə saxlanıldı. Onlar Azərbaycana gəlib İlk Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək istədiklərini söylədilər. Hazırda ölkəmizə gələn turistlərin sayı göz qabağındadır. Bakıda yerləşən hətta beşulduzlu mehmanxanalarda belə boş yerlər tapmaq mümkün deyil. Bir sözlə bundan sonra da ölkəmizə turizm axını davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB