Sevda Məmmədəliyeva fəxri xaç ordeni ilə təltif edilib FOTOLAR

Sevda Məmmədəliyeva fəxri xaç ordeni ilə təltif edilib FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Aksel Vex tərəfinfən Avstriya Respublikasının Elm və incəsənət üzrə fəxri xaç ordeni ilə təltif edilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə giriş sözü ilə çıxış edən Avstriya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Aksel Vex nazir müavini Sevda Məmmədəliyevanı Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərə görə təşəkkürünü bildirdi və iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın gələcəkdə daha da intensivləşəcəyinə inamını ifadə edib.

Daha sonra Avstriya Parlamentinin 2-ci Prezidenti Karlheinz Kopf çıxış edərək Avstriya ilə Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu ifadə etdi, gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib. Ölkələrimiz arasında bir çox sahələrdə, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın intensivliyinin artdığını, təşkil edilən müxtəlif mədəni tədbirlərin bunun göstəricisi olduğunu vurğuladı. Karlheinz Kopf nazir müavini Sevda Məmmədəliyevaya Avstriya və Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsi, Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan tərəfindən dəstəklənməsində göstərdiyi səylərə görə özü və Avstriya Hökuməti adından təşəkkürünü bildirib.

Nazir müavini Sevda Məmmədəliyeva öz növbəsində xoş sözlərə görə təşəkkür edərək, Azərbaycan və Avstriya arasında mədəniyyət sahəsində əməkdaşlığın iki ölkənin dostluğunun göstəricisi olduğunu diqqətə çatdırıb. Ordenin təltifinin Bakıda I Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf etdiyinin əlamətdar hadisə olduğu qeyd edilib.

Qarşılıqlı anlaşma və dostluq prinsiplərinə əsaslanan Avstriya-Azərbaycan əlaqələrinin böyük perspektivlərə malik olduğu, keçmiş və müasir sivilizasiyaların zəngin tarixinin daşıyıcıları olan, bəşəriyyətə misilsiz mədəniyyət nümunələri bəxş etmiş Azərbaycan və Avstriya xalqları arasındakı mövcud əlaqələrin hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində sürətlə inkişaf etdiyi bildirilib.

Həmçinin Sevda Məmmədəliyeva 2006-cı ildə Vyana şəhərində müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin büstünün ucaldılması, 2011-ci ildə Bakı şəhərində Avropa klassik musiqisinin parlaq nümayəndəsi, dahi Avstriya bəstəkarı Volfqanq Amadey Mosartın abidəsinin açılmasının Azərbaycan və Avstriya arasında mədəni əməkdaşlıq tarixində əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb.

Daha sonra Avstriya Parlamentinin 2-ci Prezidenti Karleinz Kopf Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevaya Avstriya Respublikasının Elm və incəsənət üzrə fəxri xaç ordenini təqdim edib.

Nazir müavini Sevda Məmmədəliyeva Avstriya Parlamentinin 2-ci Prezidenti Karleinz Kopfa, Avstriya Hökumətinə, Avstriyanın Azərbaycan Respublikasındakı Səfiri Aksel Vexə və tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə