Məryəm Ələkbərlinin sərgisi Fransada FOTOLAR

Məryəm Ələkbərlinin sərgisi Fransada FOTOLAR

Fransanın məşhur Luvr muzeyinin Karusel qalereyasında keçirilən möhtəşəm "Art Shopping" festivalında Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb. SİA-nın xəbərinə görə, sərgini açan qalereyanın direktoru xanım Miryam Anone-Kastane festival çərçivəsində bir çox ölkələrin rəssamları ilə yanaşı, Azərbaycanı təmsil edən Məryəm Ələkbərlinin də fərdi sərgisinin açıldığını deyib və onun əsərlərinin tamaşaçılarda böyük maraq oyadacağına əminliyini bildirib.

İncəsənət tarixçisi və sərginin təşkilatçısı xanım Janett Zvinjenberjer Məryəmin sərgidə nümayiş etdirilən əsərlərinin əsas məziyyətlərindən danışıb. O bildirib ki, istedadlı rəssam muğam musiqisini dinləyərkən keçirdiyi hissləri rəsm əsərlərində tamaşaçılara çatdırmaqla mahir fırça ustası olduğunu bir daha sübut edib. Janett Zvinjenberjer rəsm əsərlərində gitarada, akkordeonda, saksofonda ifa edənlərin portretlərini canlandıran Məryəmin həyatında musiqinin də mühüm yer tutduğunu vurğulayıb, onun rənglər dünyası ilə musiqi duyumunun vəhdət təşkil etdiyini, əsərlərində onu əhatə edən dünyanı çiçəklə təsvir etməsini rəssamın təbiətə vurğunluğundan xəbər verdiyini bildirib.

Məryəmin rəngləri musiqiçinin öz notları kimi seçdiyini diqqətə çatdıran incəsənət tarixçisi bu baxımdan onun təkrarolunmaz istedadı ilə digər rəssamlardan fərqləndiyini qeyd edib. (azərtac)

Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşı Ayaz Qocayev Məryəm Ələkbərlinin əsərlərinin tamaşaçılarda böyük rəğbət oyadacağına, onlara bəşəri hisslər aşılayacağına əminliyini ifadə edib. A.Qocayev artıq istedadlı rəssam kimi özünü təsdiq edən Məryəmin əsərlərindən ibarət sərgilərin doğma Vətəni Azərbaycanda və onun hüdudlarından kənarda - Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada müvəffəqiyyətlə nümayiş etdirildiyini və müəllifinə böyük uğur qazandırdığını vurğulayıb.

Məryəmin yaradıcılığından və rənglər dünyasından bəhs edən rəsm müəllimi Lük Qotye onun tablolarında müxtəlif rənglərin mövzular üzrə seçildiyini, bu seçimin gənc rəssamın artıq istedadlı bir rəssam kimi yetişdiyini, Məryəmin sərgidə nümayiş etdirilən 46 tablosunun istər mövzu, istərsə də rənglər baxımından biri-birindən tamamilə fərqləndiyini diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 15-dək davam edəcək sərginin açılışında Azərbaycan musiqisi səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə