“Azərbaycan: Avropa Oyunlarının ilk evi”

“Azərbaycan: Avropa Oyunlarının ilk evi”

Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda yazıçılar Mirkazım Seyidov və Vüsal Əskərovun "Azərbaycan: Avropa Oyunlarının ilk evi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxış edərək səbəbkarları sözügedən kitabın təqdimatı ilə bağlı təbrik edib. Bildirib ki, kitab 3 dildə Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.

Daha sonra filologiya elmləri doktoru Asif Rüstəmli söz alaraq sabahkı günün Azərbaycan tarixində möhtəşəm gün olacağını qonaqların diqqətinə çatdırıb. Bildirib ki, 12 iyun tarixində bütün dünyanın gözü Azərbaycanda olacaq: "Bu təkcə idman yarışı deyil, həmçinin mədəniyyət və siyasəti də özündə cəmləşdirir. M.Seyidovun bir neçə kitabı Ulu Öndər Heydər Əliyevə həsr edilib. Bu gün təqdim edilən "Azərbaycan: Avropa Oyunlarının ilk evi" kitabı da fərqliliyi ilə seçilir. Düşünürəm ki, tam zamanında təqdim edilən kitab oxucuların marağına səbəb olacaq".

Kitabın müəlliflərindən biri Mirkazım Seyidov çıxışında bildirib ki, yazıçı Vüsal Əskərov atasının səhhəti yaxşı olmadığı üçün atası ilə birlikdə xaricdədir: "Bu kitabı "Bakı 2015" ərəfəsində nəşr etməyimiz heç də təsadüfü deyil. Hər bir azərbaycanlı və Azərbaycan Respublikasının dostu olan dövlətlər bu məsuliyyətli anda dövlətimizin və cənab Prezidentimiz İlham Əliyevin yanında olmalıdır. Çalışmalıyıq ki, idmanımızla yanaşı mədəniyyətimizi də layiqincə təbliğ edək. "Bakı 2015" İlk Avropa Oyunlarında idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı ölkəmizin qonağı olacaq. Əminəm ki, ölkəmiz bu oyunlardan uğurla çıxacaq".

Qeyd edək ki, "Azərbaycan: Avropa Oyunlarının ilk evi" kitabının elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, redaktoru şair-publisist Dəyanət Osmanlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə