Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi birinci qrant müsabiqəsi çərçivəsində "Bakı-2015" birinci Avropa Oyunlarının təbliği məqsədilə "Azərbaycan milli geyimləri sərgisi" adlı layihənin icrasına başlanılıb. SİA-nın verdiyi məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, "Bakı 2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC), "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Layihə çərçivəsində bu gün "Park Bulvar" Ticarət və Əyləncə Mərkəzinin birinci mərtəbəsində sərgi açılıb.
Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəməmmədov, "Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin sədri Cavid Quliyev, Azərbaycan Prezidenti yanında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digərləri çıxış edərək Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği məqsədilə təşkil olunan sərginin mədəniyyətimizin təbliğinə xidmət etdiyini söyləyiblər. Oyunlarla bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gələcəyi vurğulanıb ki, bu mötəbər tədbir ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir. Qeyd olunub ki, sərgi bir həftə davam edəcək və növbəti həftədə isə ekspozisiya otellərdə nümayiş olunacaq. Vurğulanıb ki, sərginin təşkil olunduğu məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək imkanı yaradılacaq.
İki həftə davam edəcək layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.
Tədbirdə milli rəqs nümayiş olunub.
Qeyd edək ki, sərgidə qadın, kişi və uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir edilmiş tablolar nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB