Lerikdə Məmmədhüseyn Əliyevin 90 illik yubileyi qeyd edildi

Lerikdə Məmmədhüseyn Əliyevin 90 illik yubileyi qeyd edildi

Lerik rayon mədəniyyət evində əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 90 illik yubileyi tədbiri keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində yazıçının kitablarından, fotoşəkillərindən və qəzet materiallarından ibarət sərgi ilə tanış olublar.

Tədbiri giriş nitqi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağacəfər Həsənli açaraq yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun professoru, filologiya elmləri doktoru İslam Qəribli, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Yədulla Ağazadə, Yazıçılar Birliyinin üzvü, şair Balayar Sadiq, Yazıçılar Birliyinin Lənkəran şöbəsinin əməkdaşı Ağamir Cavad, rayon ağsaqqallarından Qəhrəman Əliyev, Musa Bədəlov, Həmzə Vəliməmmədov, lerikli şair Xanlar Həmid çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məmmədhüseyn Əliyev haqqında xatirələrini danışıb və ona həsr etdirdikləri şeirləri oxuyublar.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov görkəmli yazıçı Məmmədhüseyn Əliyevin yubileyinin keçirilməsini Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb, ədibin əsərlərinin nəşrinin vacibliyini qeyd edib. Tədbirdə Lənkəran Şəhər Musiqi kollecinin muğam üçlüyü tərəfindən M.Əliyevin qəzəlləri ifa edilib, Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayev M.Əliyevin qəzəllərini, Lerik şəhər texniki fənlər təmayüllü liseyin şagirdləri şeirlərini səsləndiriblər.

Sonda görkəmli yazıçının oğlu Ənvər Rüstəmov çıxış edərək atasının xatirəsinin yad edildiyinə, 90 illik yubileyinin doğma diyarı olan Lerikdə yüksək səviyyədə keçirildiyinə görə ailə üzvləri adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə