Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanda V Şairlər Gününə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar tədbirin böyük şair Mikayıl Müşfiqin və xalq şairi Vaqif Səmədoğlunun doğum günündə keçirilməsini, bu dəfəki V Şairlər Gününün Nurəngiz Günün xatirəsinə həsr edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Tədbirdə Nurəngiz Günə həsr edilmiş film nümayiş etdirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bu tədbirin ölkəmizdə artıq 5 ildir ki, keçirildiyini və builki mərasimin məhz şairə Nurəngiz Günün anılması ilə başlandığını heç də təsadüfi olmadığını söyləyib.
Mərasimdə xarici ölkələri təmsil edən şairlərə "Mikayıl Müşfiq" diplomu və Nurəngiz Günün "Qalanlara" kitabı hədiyyə edilib. Hədiyyə alanlar içərisində Ukraynanın tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Özbəkistanın "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Moskvada yaşayan şairəmiz Nilufər Şıxlı və başqaları da olub.
Qeyd edək ki, bir neçə azərbaycanlı qələm sahibinə də "Mikayıl Müşfiq" mükafatı təqdim olunub. Tədbir konsert proqramı ilə yekunlaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB