“Bakı 2015”ə həsr edilən şokolad tablosu nümayiş olunub FOTOLAR

“Bakı 2015”ə həsr edilən şokolad tablosu nümayiş olunub FOTOLAR

Bu gün Muzey Mərkəzində "Bakı-2015" İlk Avropa Oyunlarına həsr edilmiş dünyada şokoladdan hazırlanmış ən böyük rəsm təqdim edilib. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Amerikanın Azərbaycandakı səfiri Robert Cekuta, Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq, müəllif Nikolay Popov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyada ən böyük şokolad tablosun İlk Avropa Oyunlarına həsr edildiyinə məmnun olduğunu söyləyib. Bildirib ki, sözügedən şokoladın çəkisi 200 kiloqramdır: "Şokoladdan hazırlanmış əsərlərdə Bakının ruhu, mədəniyyəti, abidələri əks olunub. Düşünürəm ki, bu İlk Avropa Oyunlarına gözəl töhfədir. Paytaxtımıza gələn qonaqlar da bu gözəl əsərlərdən zövq ala biləcəklər. Onu da deyim ki, I Avropa Oyunları ilə bağlı ölkə ərazisində olan bütün mədəniyyət müəssisələrində müxtəlif mədəni tədbirlər keçiriləcək. Eyni zamanda oyunların başa çatmasına az qalmış muzeylərə sərbəst giriş təmin olunacaq. Muzeylər gecə saat 22:00-a qədər insanların xidmətində olacaq".

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleq sərginin açılışında iştirak etdiyi üçün sevindiyini dilə gətirib. Bildirib ki, bu, Bakı Oyunlarını əhatə edən vacib tədbirlərdən biridir: "Növbəti üç həftədə bütün dünyanın gözü Azərbaycanda olacaq. Sevinirəm ki, bu tədbirə mədəniyyət sahəsi də öz töhfəsini verir".

Qeyd edək ki, "Nikolya" Şokolad Muzeyinin müəllifi olduğu əsərlər dünyanın 40-dan çox ölkəsində nümayiş olunub. N.Popov, həmçinin bu sərgi üçün Azərbaycana və paytaxtımıza həsr olunmuş silsilə şokolad incəsənət əsərləri yaradıb. Bu sırada 70 kiloqramdan artıq "Qız Qalası", habelə Hökumət evi, Muzey Mərkəzi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, "Alov Qüllələri", marsipan meyvə və güllər, şokolad manqal və digər əsərlər yer alıb. 200 kvadratmetrlik məkanda nümayiş olunan sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq 250-dən çox yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən marsipan heykəllər, şokolad tablolar, miniatürlər, kompozisiyalar nümayiş etdirilir.

Sərgi iyunun 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə