Azərbaycan Norveçdə təmsil olunub

Norveçin paytaxtı Oslo şəhərində ənənəvi olaraq hər il təşkil olunan "Saqene" Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, müxtəlif ölkələrin peşəkar və həvəskar musiqiçilərinin, incəsənət ustalarının, aşpazlarının qatıldığı festivalda artıq 5-ci dəfədir ki, Norveç Azərbaycan Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi də iştirak edir. Festivalın açılışında Saqene bələdiyyəsinin sədri Helqe Stoltenberqin Norveç Azərbaycan Gənclər Təşkilatının fəaliyyətini və festivalın keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Festivalda Azərbaycan tarixi, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Bakı 2015 I Avropa Oyunlarına dair məlumatlandırıcı broşür, jurnal və kitabçalar nümayiş etdirilib, iştirakçılara paylanılıb. Festivalın musiqili hissəsində isə Oslo Musiqi Akademiyasının tələbəsi Nigar Qafarova milli musiqimizdən nümunələr ifa edib.

Festivaldan sonra Azərbaycan Gənclər Fondu dəstəyi ilə Norveçin ikinci böyük şəhəri Berqendə Azərbaycan xalq musiqisi konserti keçirilib. Dünya şöhrətli Norveç bəstəkarı Edvarq Qriqin adını daşıyan Akademiyanın Gunnar Səviqs zalında baş tutan konsertdə "Muğam" instrumental ansamblı milli musiqimiz, muğamlarımızdan ibarət proqramla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə