Fransanın Strasburq şəhərində işə başlayan Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin 4-cü iclası başa çatıb. SİA-nın verdiyi məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti iclasda aktiv iştirakla yadda qalıb.
Belə ki, iclas zamanı nümayəndə heyəti 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi və onun çərçivəsində cari ilin 18-19 may tarixində Bakıda böyük uğurla təşkil olunmuş 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri haqqında təqdimat keçirib. Təqdimatda Forumdan videoçarx göstərildi, Şərq və Qərbin kəsişməsində yerləşən və özündə bir çox mədəniyyətləri əks etdirən Azərbaycanın mədəniyyətlərarası dialoqda rolu, Forum iştirakçıları, eyni zamanda təşkil olunan konfrans və sessiyalar haqqında, Avropa Şurasının Bakı Prosesində iştirakı haqqında interaktiv şəkildə məlumat təqdim olunub. Sevda Məmmədəliyeva öz çıxışında həmçinin Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında xəbər verdi və iclas iştirakçılarını bu oyunlarda iştirak etməyə dəvət etdi.
Verilən bütün məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılandı və artıq bir neçə ölkə tərəfindən 2017-ci ildə keçirilməsi planlaşdırılan 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunda əməkdaşlıq təklifləri irəli sürüldü.
Tədbirlə bağlı öncə təqdim etdiyimiz xəbərdə bildirildiyi kimi, iclasda Avropa Şurasının müvafiq sahələrdə konvensiyalarının icrası, 2016-2017-ci illərə dair proqram nəzərdən keçirildi və gələn iclasa qədər Komitənin sədri və büro üzvləri seçilib.
İclas zamanı "Kinematoqrafiya istehsalı üzrə Konvensiya"ya edilən dəyişikliklərin ilkin versiyası Avropa Şurası Nazirlər Komitəsi tərəfindən təsdiqlənməsi üçün müzakirəyə çıxarıldı və razılaşdırıldı, həmçinin "Avropa Landşaft Konvensiyası"na dair cari ilin 18-20 mart tarixində Strasburq şəhərində keçirilən görüşün nəticələri təqdim olundu.
Müasir zamanda yeni texnologiyaların mədəniyyətə təsiri mövzusuna dair müzakirələrə iclasda mühüm yer ayrılmışdır. Məlumat üçün bildirmək istəyirik ki, "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma konfransı" 2014-cü ilin iyul ayında Bakıda təşkil olunmuşdur. Bununla bağlı Rəhbər Komitə adından Azərbaycan Hökumətinə təşəkkür bildirildi və ikinci platforma görüşünün 2015-ci ilin 4-5 sentyabr aylarında ARS ELEKTRONİCA təşkilatı tərəfindən Avstriyanın Linz şəhərində təşkil olunacağı bildirildi. Həmçinin Avropa Şurasının dəstəyi ilə yaradılan Compendium və HEREİN adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verildi və son bir il ərzində tətbiq edilən yeniliklər təqdim olunub.
İclas çərçivəsində eləcə də Avropa İttifaqının maliyyə dəstəyi və Avropa Şurasının koordinatorluğu ilə həyata keçirilən "Tarixi şəhərlərdə icmalar tərəfindən idarə edilən şəhər strategiyası" (COMUS) dair tərəfdaş ölkələrin görüşü keçirilib.
İclasda həmçinin 22-24 aprel 2015-ci il tarixində Belçika Krallığının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Krallığın Namür şəhərində keçirilmiş Avropa Şurasının irs məsələləri üzrə məsul nazirlər konfransının nəticələri iştirakçıların nəzərinə çatdırılıb.
Azərbaycan nümayəndə heyəti Macarıstanın Baş Nazirinin Aparatı daxilində İrs şöbəsinin bölmə müdiri Katalin Csillag, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov, Avropa Şurasında Demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Bas, Demokratik idarəetmə şöbəsinin direktoru Klaudia Luçiani və digərləri ilə görüşlər keçirdi. Görüşlər zamanı 2015-ci ilin 18-19 may tarixində Bakıda təşkil olunmuş 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumun nəticələri və mədəniyyət sahəsində əməkdaşlıq imkanları araşdırılıb.
Sonda Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitənin 4-cü iclasının yekun hesabatı qəbul olundu və Sekretariat tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB