"Yallı" rəqsi YUNESCO-nun siyahısına daxil edilir?

"Yallı" rəqsi YUNESCO-nun siyahısına daxil edilir?

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının ölkəmizin təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı qəbul etdiyi qərarla əlaqədar Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirib. SİA-nın verdiyi məlumata görə, "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının mayın 28-29-da Xorvatiyanın Rovın şəhərində keçirilən 100-cü sessiyasında müzakirə edilib və qərar qəbul olunub. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizmin Qlobal Etik Kodeksinin, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.

Mədəniyyət və turizm naziri qərarın əhəmiyyətindən danışaraq bildirib ki, Dünya Turizm Təşkilatının qəbul etdiyi Turizmin Qlobal Etik Kodeksinin prinsiplərinə bütün ölkələrin turizm təşkilatları tabe olmalıdır. Ancaq Ermənistan tərəfi buna saymazyana yanaşır. Ə. Qarayev diqqətə çatdırıb ki, Qarabağa başqa ölkə vasitəsilə səfərlər həyata keçirilsə, bu qərara əsaslanaraq diplomatik yollarla bunun qarşısını ala bilərik: "Dünya Turizm Təşkilatının bu qərarı bizə sərt addımlar atmağa imkan verir. Biz turizm sahəsində bu addımları ata bilərik. Turizm diplomatiyasında bu qərar fövqəladə qərardır. Ən azından münaqişəli yerlərə turizm səfərlərinin qarşısı alınacaq. Çünki dünyanın bir çox münaqişəli yerlərində bəzən belə turizm səfərləri həyata keçirilir".

Ə.Qarayev vurğulayıb ki, hansısa turizm təşkilatı Qarabağa səfər təşkil etsə, turistlərin başına gələcək hər hansı xoşagəlməz hadisəyə görə həmin təşkilat məsuliyyət daşıyacaq. Bu qanunun qəbul olunması bizə Ermənistanın qarşısında bu şərtləri qoymaq imkanı verir. Bu, təhlükəsiz turizmin inkişafına xidmət edəcək.

Nazir ötən illə müqayisədə Azərbaycan sərhədini keçən xarici vətəndaşların sayının azaldığını, lakin turizm məqsədilə ölkəmizə gələnlərin sayı çox olduğunu söyləyib. Nazirin sözlərinə görə, Azərbaycanda turizm sənayesi 4,11 faiz artıb.

Ə.Qarayev bildirib ki, bu il ərzində Azərbaycan televiziyalarında mədəniyyət və turizmin təbliğatı ilə bağlı 1720 reportaj gedib. Qəzetlərdə isə yalnız may ayı ərzində 5581 məqalə çap olunub. İnternetdə isə 25 mindən artıq yazı verilib.

Nazir Əbülfəs Qarayev "Köçəri" tərəkəmə rəqsi Azərbaycana məxsus olduğunu söyləyib. Bildirib ki, qonşular hər zaman oğurluqla məşğuldurlar və biz buna öyrəşmişik. Lakin bu dəfə susulmayacaq və öz hüququmuzu tələb edəcəyik. Nazir xüsusilə vurğulayıb ki, "Yallı" rəqsinin YUNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsələ qaldırılacaq.

Nazir həmçinin artıq I Avropa Oyunları zamanı səhər yeməyinin Azərbaycan milli mətbəxinə uyğun təqdim olunması bağlı şəhadətnamə aldıqlarını da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə