“Leyli və Məcnun”un marionet tamaşa sərgisi açılıb FOTOLAR

“Leyli və Məcnun”un marionet tamaşa sərgisi açılıb FOTOLAR

İçərişəhərdə yeni istifadəyə verilmiş Böyük Qala 42 ünvanında yerləşən muzey və sərgi zalında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrının quruluşunda "Leyli və Məcnun" marionet tamaşasının dekorasiya, marionet kuklaları və rekvizitlərinin sərgisi açılıb. İdarədən SİA-ya verilən məlumata görə, tədbirdə qoruq idarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası və onun tamaşasının tarixçəsi haqqında söz açıb. Bildirib ki, müxtəlif teatrlar bu operaya maraq göstərərək səhnələşdiriblər. "Leyli və Məcnun" operasının qəhrəmanları bu dəfə marionet kuklaları və xüsusi hazırlanmış dekorasiyaların təsvirində təqdim ediləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev bildirib ki, bu, Marionet Teatrının sayca ikinci tamaşasıdır. 2011-ci ildən idarənin nəzdində fəaliyyət göstərən teatrın ifasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası artıq dəfələrlə tamaşaya qoyulub: "Qoruq idarəsinin əsas məqsədi milli dəyərlərə bağlılığı qoruyub saxlamaq, mədəni irsimizi yaşadıb gələcək nəsillərə ötürməkdir. Tarixi və mədəni irsimizin, milli mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini diqqətə çatdırıb".

İyulun 1-dək davam edəcək sərgi "Bakı-2015" birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə də açıq olacaq və şəhərimizin qonaqları ekspozisiya ilə tanış ola bilərlər.

Qeyd edək ki, sərgi başa çatdıqdan sonra "Leyli və Məcnun" tamaşasının məşqləri başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə