Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən mühüm platforma olan Azərbaycan Konqreslər Bürosu, daha bir uğura imza atıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan və qısa vaxtda böyük uğurlara imza atan Büro, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Energy Economics – IAEE) Avrasiya Konfransının Bakıda təşkil olunmasına nail olub.
IAEE-nın builki 38-ci beynəlxalq konfransı Türkiyənin Antalya şəhərində keçirilib. Tədbirdən bir gün öncə, mayın 24-də IAEE Şurasının iclası baş tutub. İclasda, Büronun satış və marketinq üzrə meneceri Ayan Zeynalova Bakının Assosiasiyasının beynəlxalq konfransına ev sahibliyi etmək təklifini IAEE Şurasının 22 üzvünə təqdim edib.
Uğurlu təqdimatdan sonra IAEE Şurasının üzvləri yekdilliklə Büronun təklifini dəstəkləyib və ölkəmizin paytaxtını Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın 2016-cı il Avrasiya Konfransının ev sahibi kimi təsdiqləyib.
Bakının Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın ilk Avrasiya Konfransına (1st IAEE Eurasian Conference) ev sahibliyi edəcəyi qərarı rəsmən mayın 25-də üzv ölkələrdən olan 500-ə qədər iştirakçının qatıldığı 38-ci beynəlxalq konfransının rəsmi açılış mərasimində elan olunub.
IAEE biznes, hökumət, akademik və digər sahələrdə enerji sektoru üzrə çalışan mütəxəssisləri bir araya gətirən müstəqil, qeyri-kommersiya beynəlxalq platformasıdır. 1977-ci ildə ABŞ-da yaradılan birliyin üzvlüyünə 100-ə qədər ölkədən olan mütəxəssislər aiddir.
Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı 2013-cü ildən bəri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB