Berlinin Brandenburq Elmlər Akademiyasında "Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransa təşkilatçılığı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Alman Azərbaycan Forumu, Azərbaycanın Almaniyadakı səfirliyi və Berlin Humboldt Universiteti edib.
Beynəlxalq konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev "Multikultural təhlükəsizlik və onun əsas prinsipləri" mövzusunda çıxış edib və Multikultural təhlükəsizlik anlayışının multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer aldığını və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm yer tutduğunu vurğulayıb. Akademik Kamal Abdullayev bildirib: "Multikultural təhlükəsizlik milli təhlükəsizlyin vacib komponenti kimi anlaşılır və ona görə də aydındır ki, bu yeni anlayış ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Başqa sözlə desək, dövlət çox mədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də multikultural təhlükəsizliyi ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidır. Əlbəttə, bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsinə yönəldilir və söhbət ilk növbədə bu maraqların vahid dövlət maraqları ilə uzlaşdırılmasından gedir."
Akademik qeyd edib ki, dünyada multikulturalizm modellərinə dair bir fenomen Azərbaycan multikulturalizmidir ki, bu nümunədə multikultural təhlükəsizlik paradiqması önəmli yer tutur. Ölkədə multikultural təhlükəsizliyin harmonik vəhdətdə biri-digərini tamamlamalı olan prinsiplərinin uğurlu tətbiqi multikulturalizm situasiyasını problemlərdən sığortalamağa imkan verir. Həm də elə bir zamanda ki, ərazisinin iyirmi faizi hələ də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal altında qalmaqdadır. Bu da simvolikdir ki, işğalçı dövlət həm də multikulturalizmin düşmənidir. O mənada ki, Ermənistan hələ sovet dövründən etibarən qeyri-erməni etnik qruplarını ərazisindən çıxara-çıxara nəhayətdə monoetnik tərkibli bir dövlətə çevrilib. Və bu keyfiyyətdə də qonşularına qarşı sərgilədiyi aqresssiyasına görə bölgədə sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalmaqdadır. Multikultural təhlükəsizlik prinsiplərinin imkanları təkcə ayrılıqda götürülmüş bir ölkənin inkişafını təmin etməklə bitmir. Multikultural təhlükəsizlik paradiqması dünyada gedən proseslərin fonunda potensial olaraq elə bir nümunəverici siyasi mahiyyət kəsb etməyə başlayır ki, bu, beynəlxalq münasibətlərin demokratikləşməsinə də, dövlətlərarası inteqrasiya proseslərinin güclənməsinə də töhfə verə bilər.
Beynəlxalq konfransda Berlin Humboldt universitetinin professoru Eva-Maria Auch "Azərbaycan multikulturalizmi: tarixi təcrübələr və gələcəyin cəmiyyət modeli", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov "Azərbaycanın real siyasətinin nəticəsi olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranması", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Sülh içində birgə yaşam ənənəsi üçün multikulturalizmdə tolerantlıq anlayışı: Azərbaycan modeli" və AMEA-nın Əlyazmalar institutunun şöbə müdiri, professor Möhsün Nağısoylu "Azərbaycan multukuturalizminin ədəbi mənbələri" mövzularında məruzə edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Almaniya Xarici İşlər Naziriliyi nümayəndəsi Cord Meier-Klodt, Almaniya Azərbaycan Forumunun sədri Hanns-Eberhard Schleyer məruzələr ətrafında çıxış ediblər. Konfransa Almaniyadan elm, siyasət və media nümayəndələri də qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB