Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş 99-cu iclasına "Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" məqsədilə qətnamə layihəsi təqdim edib. SİA-nın verdiyi məlumata görə, şura həmin iclasda qərara alıb ki, məsələyə Dünya Turizm Etikası Komitəsi tərəfindən tövsiyə şəklində növbəti 100-cü Sessiyaya təqdim edilsin.
Dünya Turizm Etika Komitəsi tərəfindən məsələyə 2014-cü ilin noyabr ayında Romada keçirilmiş iclasda baxılmış və Şuraya tövsiyə edilib ki, İcraiyyə Şurası hökumətləri, turizm sahəsində özəl və dövlət təşkilatları Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə hərbi münaqişələr daxil olmaqla bütün hallarda riayət edilməsinə təşviq etsin.
Xorvatiyanın Rovin şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında məsələ gündəliyə daxil edilmiş və müzakirə edilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin təqdim etdiyi sənədin mahiyyətini və əhəmiyyətini Şuranın üzv ölkələri üçün açıqlamış və bildirib ki, bu sənəd beynəlxalq hüquqa və ölkələrin suveren hüquqlarının qorunmasına, həmçinin Dünya Turizm Təşkilatının qəbul etdiyi Qlobal Turizm Etik Kodeksinin prinsiplərinə əsaslanır.
Məsələ ətrafında geniş müzakirələr aparılmış və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edilmişdir. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir.
Münaqişə zonalarının turizm məqsədilə təbliğinin və turizmin qanunsuz qarşısının alınması üçün beynəlxalq sənədin qəbul edilməsi ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin, Dağlıq Qarabağ regionunun beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq rıçaq əldə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB