“Yüksəliş” sənədli filmi nümayiş olunub FOTOLAR

“Yüksəliş” sənədli filmi nümayiş olunub FOTOLAR

Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr edilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək filmin Azərbaycanın fəxri olan nadir şəxsiyyətlərdən birinə həsr olunduğunu bildirib. Diqqətə çatdırıb ki, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına, müxtəlif ordenlərə layiq görülən Kərim Kərimov haqqında çəkilən bu film ilk dəfə geniş ictimaiyyətə təqdim edilir: "Xronometrajı 52 dəqiqə olan film özündə bütöv bir insan həyatını əks etdirir. Filmdə 1945-ci ildən 2013-cü ilədək arxivlərdə saxlanılan nadir sənədlərdən istifadə edilməklə yanaşı, Kərim Kərimovun kosmos elminə töhfələri, ulu öndər Heydər Əliyevin Azərbaycanda kosmonavtikanın inkişafı ilə bağlı gördüyü işlər, SSRİ-də kosmonavtikaya həsr edilən ilk konqresin Azərbaycanda keçirilməsinə dair maraqlı kadrlar da yer alıb".

Təqdimat mərasimində Rusiya Elmlər Akademiyasının geologiya informasiya mərkəzinin direktoru, təyyarəçi-kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Valentin Lebedev və tibb elmləri doktoru, professor, SSRİ Dövlət mükafatı laureatı Natalya Korolyova da iştirak ediblər.

Təqdimatda çıxış edən filmin rejissoru xalq artisti Vasif Babayev sənədli filmin ərsəyə gəlməsi, çəkiliş prosesi barədə fikirlərini bölüşüb. Film bir neçə dövrü əhatə edir və müxtəlif illərdə lentə alınmış hadisələri birləşdirir. Filmin çəkilişləri Moskvada, Bakıda və Baykonurda aparılıb.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyevdir. Ekran əsərinin ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov, prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə