Kamal Əhmədin əsərlərinin sərgisi olub

Kamal Əhmədin əsərlərinin sərgisi olub

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xızı rayonundakı Heydər Əliyev Mərkəzində tanınmış rəssam, Əməkdar incəsənət xadimi Kamal Əhmədin əsərlərindən ibarət sərginin açılışı keçirilib. SİA-nın verdiyi məlumata görə, sərgi nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi yeni layihə əsasında təşkil edilib.

Xızı rayonunda vətəndaşlarla görüş keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılışında iştirak edib.

Mərasimdə çıxış edən nazir yeni layihənin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, layihə çərçivəsində müxtəlif şəhər və rayonlarda yerləşən Heydər Əliyev mərkəzlərində, muzey və sərgi salonlarında Azərbaycan rəssamlarının yüksək bədii dəyərə malik əsərlərinin təqdimatı keçiriləcək: "Azərbaycan Dövlət Rəsm Qalereyasında 15 mindən artıq əsər mühafizə olunur. İlk dəfə Xızı rayonunda bu layihənin icrasına başlayırıq. Sərgidə Abşeron rəssamlıq məktəbinin nümayəndəsi Kamal Əhmədin əsərləri nümayiş olunur. İnanıram ki, bu əsərlər sərgidə iştirak edən gənc nəslin nümayəndələrində rəssamlığa, incəsənətə böyük həvəs oyadacaq".

Sonra əsərlərə baxış keçirilib.

Qeyd edək ki, sərgidə Əməkdar incəsənət xadimi Kamal Əhmədin yağlı boya ilə çəkilmiş "Leyli və Məcnun", "Goradildə kanal", "Goradil kəndi", "Abşeronda bahar", "Abşeronda Novruz bayramı", "Goradil" və "Kompozisiya" adlı rəsmləri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə