Direktorlar üçün treninq-seminar keçirilib FOTOLAR

Direktorlar üçün treninq-seminar keçirilib FOTOLAR

Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsi hazırlanıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar həyata keçirilən islahatlar Şəki və Lənkəran şəhər, habelə Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarının klub müəssisələrinin fəaliyyətinə öz müsbət töhfəsini verib və bu iş davam etdirilməkdədir.

"Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" layihəsinin müsbət nəticəsi nəzərə alınmaqla aparılan islahatların davam etdirilməsi, Azərbaycan qeyri-maddi mədəni irsinin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsi işinin daha səmərəli təşkili məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmri imzalanıb. Əmrə əsasən, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Yevlax şəhərlərində və Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Goranboy, Göyçay, Hacıqabul, Xızı, İmişli, Kürdəmir, Qax, Qobustan, Quba, Qusar, Laçın, Lerik, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Siyəzən, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zaqatala, Zərdab rayonlarında Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri yaradılıb.

Məsələ ilə əlaqədar olaraq Azərbaycan Xalça Muzeyində Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslər üçün treninq-seminar keçirilib.

Seminar bu sahədə aparılan islahatların operativ və səmərəli təşkili, mədəniyyətin idarəolunması istiqamətində görülən işlərin sürətləndirilməsi, habelə Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsindən və məlumat, davamiyyət və qeydiyyat kitablarının Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri tərəfindən tərtibi qaydalarından irəli gələn məsələlərin həyata keçirilməsi məqsədilə təşkil edilib.

Treninq-seminarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin nümayəndələrinin və respublikanın 54 rayonundan Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin direktorları və ya bu vəzifəni icra edən şəxslər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalça Muzeyinin fəaliyyəti və ekspozisiyası ilə tanış olmuş, onlara burada təqdim edilən maddi-mədəni irsimiz, qədim xalça sənətimiz, adət-ənənələrimiz, milli geyim, zərgərlik və s. nümunələrimiz haqqında geniş məlumat verilib.

Seminarı giriş sözü ilə Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev açaraq, Azərbaycan mədəniyyətinin dəstəklənməsində, əhalinin asudə vaxtının mədəni təşkilində Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin rolundan danışıb. Sonra Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması" strategiyası və Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin (filialları ilə birlikdə) fəaliyyətinin sənədləşdirilməsinin yeni sistemi haqqında ətraflı məlumat verib. Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Vüqar Məmmədov Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27.12.2012-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi Əsasnaməsinin tətbiqi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşı Selcan Nəsirova isə Şəhər (Rayon) Mədəniyyət Mərkəzləri (filialları ilə birlikdə) tərəfindən məlumat, davamiyyət və qeydiyyat kitablarının tərtibi qaydaları mövzularında çıxış ediblər.

Sonda Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin direktorlarına növbəti mərhələdə görüləcək işlərə dair tapşırıqlar verilmiş və treninq çıxışlara dair müzakirələrlə yekunlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə