Regionda görüş keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi QHT-lər ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" adlı silsilə xarakterli zonal müşavirələrin təşkilini planlaşdırıb. SİA-nın verdiyi məlumata görə, zonal müşavirələr milli mədəniyyətimizin inkişafı və təbliği prosesinə regionlarda fəaliyyət göstərən QHT-lərin potensialından faydalanması üçün lazımi şərait yaradacaq.

İlk müşavirə 29 may 2015-ci il tarixində ətraf rayonlarda fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin iştirakı ilə Mingəçevir şəhərində təşkil olunacaqdır. Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin təşkilati dəstəyi sayəsində sözügedən tədbirdə respublikamızın 17 rayonundan olan (Gəncə, Samux, Göygöl, Şəmkir, Qazax, Mingəçevir, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Yevlax, Zərdab, Ucar, Tərtər, Goranboy və Kürdəmir) təqribən 100-ə qədər QHT nümayəndələrinin təmsil olunması nəzərdə tutulub.

Müşavirə zamanı mədəniyyətimizin təbliğində QHT potensialının təhlili, mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərə Nazirlik tərəfindən göstərilə biləcək dəstək istiqamətləri, birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, Nazirlik tərəfindən gələcəkdə elan edə biləcək müsabiqə mövzularının müzakirəsi, əməkdaşlıq formalarının müəyyən olunması, fəaliyyətin çevikliyini təmin etmək üçün zonal koordinasiya qruplarının yaradılması, gənclərin QHT-lərdə fəallığının artırılması, mövcud istiqamətdə qanunvericilik bazası və s. məsələlər müzakirə olunacaq. Habelə, Birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində qayıq idman növü üzrə yarışların təşkil olduğu nəzərə alaraq QHT-lərin Mingəçevir və ətraf rayonlarda Avropa Oyunlarının təbliği işinə cəlb edilməsi məsələləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə