Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində üzv ölkələrin turizm nazirlərinin 2-ci görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qırğızıstanın mədəniyyət, turizm və informasiya naziri Altınbek Maqsudov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əbdülrəhman Arıçı, Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev, TDƏŞ-in baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, YUNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, türkdilli ölkələrin turizm təmsilçiləri iştirak edirdi.
Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın gücləndirilməsi, üzv ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, türk dünyasının maddi və qeyri-maddi irsinin turizm vasitəsilə təbliği, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi məsələləri, əldə olunmuş nailiyyətlər və həyata keçiriləcək layihələr müzakirə olunub. Eyni zamanda TDƏŞ-in turizm üzrə işçi qrupunun mayın 18-19-da Bakıda keçirilən 5-ci iclasının yekunları barədə fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev TDƏŞ-ə üzv ölkələrin Azərbaycanın GoMap.az (www.gomap.az) elektron naviqasiya sisteminə qoşulması təklifini irəli sürüb. Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Sinam" şirkəti tərəfindən hazırlanan naviqasiya sisteminin elektron xəritəsinə Azərbaycan ərazisində yerləşən 63 mindən çox obyekt (yaşayış məntəqələri, mədəni-tarixi abidələr, bina və tikililər, meşələr və s.) daxil edilib. Elektron xəritədə məlumatlar sxem və ya 3D formatındadır. Mədəni-tarixi abidələr üzrə fotolar da elektron xəritədə yerləşdirilib. Elektron xəritədə həmçinin marşrutun çəkilməsi funksiyası var. Bu funksiya xüsusilə turistlər üçün çox faydalı ola bilər. Naviqasiya sistemi hazırda Gürcüstan və Türkiyənin də ərazilərini əhatə edir.
Əbülfəs Qarayev deyib ki, Qazaxıstan və Qırğızıstanın bu sistemə qoşulması ilə türkdilli dövlətlərin vahid naviqasiya sistemini yaratmaq olar. Vurğulanıb ki, bunun üçün ölkələrin məsul qurumlarının lazımi məlumatları toplayıb "Sinam" şirkətinə təqdim etməsi kifayətdir. Nazirin təklifi iclas iştirakçıları tərəfindən müsbət qarşılanıb.
Görüşdə turizm sahəsində özəl sektor nümayəndələrinin rolunun artırılması və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın turizm assosiasiyaları arasında anlaşma memorandumu imzalanıb.
İclasın sonunda qarşıdakı bir il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində görüləcək işləri nəzərdə tutan yekun protokol imzalanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB