I Avropa Oyunlarına gələn qonaqlar Şirvanşahlar Sarayını da görəcəklər

I Avropa Oyunlarına gələn qonaqlar Şirvanşahlar Sarayını da görəcəklər

Şirvanşahlar Sarayı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Şirvanşahlar Sarayının bələdçisindən SİA-ya verilən məlumata görə, Bakının mərkəzində, İçəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Saray haqqında turistlərə və şəhərimizin sakinlərinə geniş informasiya vermək üçün hər zaman olduğu kimi "Bakı 2015" İlk Avropa Oyunları zamanı da bələdçilər xidmət göstərəcəklər. Onlar Azərbaycan, rus və ingilis dilində məlumat verəcəklər. Həmçinin turistlər üçün Şirvanşahlar Sarayı haqqında kitabçalar da təqdim ediləcək.

Qeyd edək ki, kompleksə Şirvanşahlar sarayı, Divanxana, Keyqubad məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. 2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilib.

Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaradıb. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilib. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olub. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilib.

Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülüb. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilib. Daxili quruluşun əsas hissəsi salona verilib. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilib. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülüb. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilib. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanıb. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olub.

Şirvanşahlar saray kompleksinin Şimal-Qərb hissəsində, divarla əhatə edilmiş kvadrat həyətdə Divanxana yerləşir. Həyətin ortasında 1,5 metr hündürlüyündə olan bünövrənin üstündə divanxananın səkkizguşəli mərkəzi pavilyonu ucaldılıb. Bu pavilyonun mərkəzi salonu beş tərəfdən açıq eyvana baxır. Divanxananı təşkil edən xüsusi formalı sütunlar və onların yaratdığı çatmatağlı arka abidənin mərdlik, qüvvət və müdriklik ifadə edən memarlıq obrazını yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə