Əbülfəs Qarayev: “ Avropa Oyunları ilə bağlı mehmanxanaların 95%-i lisenziyalaşdırılıb”

Əbülfəs Qarayev: “ Avropa Oyunları ilə bağlı mehmanxanaların 95%-i lisenziyalaşdırılıb”

"Mədəniyyət və Turizm Nazirliyi "Bakı 2015" İlk Avropa Oyunları ilə əlaqədar bütün otellərdə monitorinqlər keçirilib". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir bildirib ki, bu günə qədər paytaxtımızda yerləşən bütün mehmanxanaların 95%-i lisenziyalaşdırılıb: "Digərləri yəni xırda və ucqar ərazilərdə yerləşən otellərdir ki, orada hələlik bu proses gedir. Ancaq mərkəzdə nəzərdə tutulan otellərin hər biri monitorinqlərdən keçirilib və lisenziyalaşdırılıb. Onu da deyim ki, bizim xüsusi kurslarımız təşkil olunur. Burada bələdçilər, xidmətçilər, servis xidmətlərinin daha yüksək səviyyədə olması üçün işlər görülür. Həmçinin şəbəkə otelləri də bunları etməklə bizimlə əməkdaşlıq edirlər. Düşünürəm ki, təhlükəsizlik baxımından bütün otellər öz nəzarətini gücləndirirlər. Xüsusilə diqqətinizə çatdırım ki, Azərbaycan muzeyləri, parkları, konsert salonları və teatrları haqqında rus, ingilis və Azərbaycan dilində yeni nəşrlər çap edilir. Həmçinin hər zaman buraxılan "Baku Guide" bələdçi kataloqunun iyun nömrəsi təqdim olunacaq. Adətən biz sözügedən nəşri 2000 tirajla çap edirdiksə, Avropa Oyunlarına görə bu 15000-20.000 tirajla çap olunacaq. Hesab edirəm ki, turistləri zəngin mədəniyyət proqramı gözləyir. Bütün Bakı teatrlarında, konsert mərkəzlərində, muzeylərdə xüsusiləşmiş tədbirlər görülür. Onlar üçün uzadılmış iş cədvəli tətbiq olunur. Həmçinin bir neçə xarici musiqiçilər Azərbaycanda konsert verəcəklər. Bir sözlə biz maksimum səviyyədə Azərbaycana gələn həm idmançıların, həm onları müşayiət edən şəxslərin, həm də həvəskarların Azərbaycan mədəniyyətinin zənginliyini görməkləri üçün bütün qüvvəmizi səfərbər edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə