Gürcüstan Mədəniyyət Mərkəzinin açılması müzakirə olunub

Gürcüstan Mədəniyyət Mərkəzinin açılması müzakirə olunub

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkənin mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Gürcüstan xalqlarının qədim, zəngin və bir-birinə yaxın mədəni irsə malik olduqlarını vurğulayan Əbülfəs Qarayev ikitərəfli münasibətlərin, bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf etdiyini bildirib.

Qeyd olunub ki, özünəməxsus mədəniyyəti ilə tanınan Gürcüstan beynəlxalq mədəniyyət layihələrində, o cümlədən Azərbaycanda gerçəkləşən beynəlxalq tədbirlərdə fəal iştirak edir. Əbülfəs Qarayev Azərbaycanda Gürcüstan Mədəniyyət Mərkəzinin açılmasını təklif edib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri bu təklifi müsbət qiymətləndirib və onun reallaşması ilə bağlı lazımı işlərin görüləcəyini söyləyib. Mixeil Giorqadze bildirib ki, mədəni sahədə əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində birgə layihələr reallaşdırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə