Bu gün III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə "Multikulturalizm: Gələcək vəd edən həqiqətlər" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, xalq rəssamı Tahir Salahov, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, YUNESKO-nun eks baş direktoru Koiçiro Matsuuro, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və başqaları iştirak ediblər.
Kamal Abdullayevin sədriliyi ilə keçən seminarda Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən, dünyanın müxtəlif universitetlərində Azərbaycan bu sahədə təcrübəsinin tədrisindən danışılıb. Bildirib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu sahədə atılan vacib və əhəmiyyətli addımlardan biridir: "Biz Azərbaycanın həqiqətlərini, niyyətini dünyaya multikulturalizm vasitəsi ilə təqdim edirik. "Azərbaycan multikulturalizmi" fənnini yeni universitetlərdə tədris etməyi planlaşdırırıq. Bu, onu göstərir ki, dünyanın müxtəlif ölkələrinin, universitetlərinin Azərbaycan multikulturalizminə böyük marağı və diqqəti var. "Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən biri "Azərbaycan multikulturalizmi" anlayışını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir çox yolları var. Seçdiyimiz yol "Azərbaycan multikulturalizmi"ni xarici ölkələrdə, xüsusilə gənclər arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Bu gün dünyanın 7 ölkəsində, Azərbaycanın 8 universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Tələbələr fənnə böyük diqqət göstərirlər. Hətta bu fənni öyrənmək istəyənlərin sayı artmaqdadır. Son illər ölkəmizdə görülən işlər, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu və çəkisi həmkarlarımızı daha çox maraqlandırır və bu barədə dolğun məlumat əldə etmələrinə stimul verir. Sevindirici haldır ki, yeni yaranmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün səylər artırılır".
Seminarda mərkəzin aparat rəhbəri Aynur Bəşirli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin illik hesabatını təqdim edib.
Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov çıxış edərək qeyd edib ki, Azərbaycan multikulturalizmi haqqında yeni jurnalın, kitabların və milli azlıqların folklor antologiyasının çapı planlaşdırılır.
Qeyd edək ki, müzakirələrlə davam edən seminarda çıxış edən natiqlər forumun əhəmiyyətindən danışıb. Həmçinin Azərbaycanda dinlər və mədəniyyətlər arasında olan mövcud münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıblar.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB