Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. SİA-nın verdiyi məlumata görə, festival Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondu tərəfindən təşkil edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səkkizinci dəfə Mstislav Rostropoviç Festivalı açıldığını söyləyib. Bildirib ki, o, Azərbaycan üçün çox işlər görüb, musiqimizi təbliğ edib, müxtəlif layihələr həyata keçirib.
Mstislav Rostropoviç Fondunun prezidenti, festivalın bədii rəhbəri Olqa Rostropoviç atası haqqında xoş sözlərə görə təşəkkür edərək deyib: "Mən hər dəfə gözəl Bakı şəhərinə gələndə sevinirəm. Atam Bakını öz Vətəni adlandırırdı. Dünyada Rostropoviç festivalları çoxdur. Lakin ən birinci festival burada, onun Vətənində keçirilib. Mənə dəstək göstərdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya həmişə minnətdar olacağam".
Daha sonra Olqa Rostropoviç festivalı açıq elan edib.
Festival Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Karl Orfun "Karmina Burana" kantatası ilə açılıb. Rauf Abdullayev isə dirijorluq edib.
2007-ci ildən keçirilən festivalda bir çox tanınmış musiqiçilər və yaradıcı kollektivlər iştirak edirlər. Rikkardo Mutinin idarəçiliyi ilə Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistləri, İqor Butman kvarteti, violonçelçalan Arseni Çubaçin, habelə Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər Azərbaycan Dövlət Filarmoniyasının, Heydər Əliyev Sarayının səhnələrində, Kamera və Orqan Musiqisi Zalında, Milli İncəsənət Muzeyində çıxış edəcəklər.
Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzinin solistlərinin ifasında italyan bəstəkarı R.Leonkavallonun "Payatsı" operası oynanılacaq.
Qeyd edək ki, festival mayın 24-dək davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB