Xəbər verdiyimiz kimi, mayın 18-19-da Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında Üçüncü Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, YUNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura, IRCICA – İslam Tarixi, İncəsənəti və Mədəniyyətinin Araşdırma Mərkəzinin baş direktoru Halit Eren, Belarusun mədəniyyət naziri Boris Svetlov, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Malayziyanın mədəniyyət və turizm naziri Dato Seri Məhəmməd Nəzri Bin Əbdul Əziz, Monteneqronun elm naziri Sanja Vlahoviç bu Forumda iştirak etmək üçün Bakıya gələcəklər.
Dövlətimizin başçısının "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" 2011-ci il 27 may tarixli Fərmanı ilə Forumun iki ildən bir keçirilməsi qərara alınıb və Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edilib.
Builki Forumun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar keçiriləcək. Həmçinin, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin İkinci Ümumdünya Konfransı, ilk dəfə YUNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB