Birinci Avropa Oyunlarının Alovu ötən gün Göygöl və Gəncə şəhərində qarşılanıb. SİA-nın verdiyi məlumata görə, məşəl estafeti bu gün Daşkəsən və Samux şəhərlərində davam etdiriləcək.
Daşkəsən şəhəri Gəncə şəhərindən 43 kilometr, Bakı şəhərindən isə 406 kilometr məsafədə yerləşir. Məşhur Qoşqar çayının sahilində, dağlıq yerdədir.
İkinci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da şəhər statusu verilib. Azərbaycanın qərbində "metallurqlar şəhəri" Daşkəsənin inşası ətrafdakı dəmir, kobalt, alunit və digər faydalı qazıntılarla zəngin yataqları mənimsəmək, dağ-mədən işçiləri üçün müvafiq sosial-məişət şəraiti və yaşayış üçün zəruri infrastruktur yaratmaqla Cənubi Qafqazda metallurgiyanın xammal bazasının əsasını qoymaq məqsədi daşıyırdı. Şəhərin tikintisi burada Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının yaradılması ilə paralel aparıldı. 1944-cü ildə həmin müəssisənin özülü qoyuldu. 1954-cü ildə isə burada dəmir filizinin zənginləşdirilməsinə və dəmir konsentratı istehsalına başlanıldı. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.
Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır.
Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.
Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.
Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB